Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Nərgiz Əliyevanın 70 illik yubileyi münasibəti ilə muzeydə tədbir keçirilib.
Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, muzeyin Həmkarlar Təşkilatının üzvləri, Qadınlar Şurasının üzvləri və muzeyin əməkdaşları çıxış edərək, yubilyarı təbrik edib, ona can sağlığı, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar. Eyni zamanda, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və antropologiya ixtisası üzrə ekspert şurasının üzvləri adından Anar İsgəndərov, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, t.e.d., prof. Kərim Şükürov, ADPU-nun Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası kafedrasının müdiri t.e.d. Sevinc Əliyeva rəsmi təbrik ünvanlayaraq, əlamətdar gün münasibətilə tadqiqatçı-alim Nərgiz Əliyevanı təbrik etmiş və ona daha böyük uğurlar arzu etmişlər.
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 1969-cu ildə bitirib, həmin ildə də ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsinə daxil olub. Nərgiz Əliyeva universiteti bitirdikdən sonra 1974-cü ildə AMEA Tarix İnstitutunun böyük laborant vəzifəsindən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. Tədqiqatçı-alim, həmçinin, muzeyin elmi nəşri olan toplunun redaksiya heyətinin üzvüdür.
N.Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. 12 monoqrafiya, 14 kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə elmi əsərləri dərc olunmuş, 50-yə yaxın simpozium və konfranslarda maraqlı məruzələrlə çıxışlar etmişdir.
Nərgiz Əliyeva tərəfindən İslamın və islam mədəniyyətinin yayılmasında rol oynamış, ölkənin mədəni quruculuğunda yaxından iştirak etmiş mədəniyyət daşıyıcıları- ziyalılar haqqında milli tarixşünaslıqda bu günə qədər məlum olmayan informasiya üzə çıxarılmış, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XI-XIII əsrlərdə İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan şəhərlərinin mövqeyi və elmi mühiti tədqiq edilmişdir.
Tarixçi-şərqşünas alim 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Tədbir zamanı muzeyin əməkdaşlarının, həmçinin, yerli və xarici alimlərin təbrikləri və ürək sözlərindən ibarət xüsusi olaraq hazırlanmış video-çarx izlənildi.
Sonda yubilyara hədiyyələr təqdim olundu və xatirə fotoları çəkildi.
Muzey kollektivi adından Nərgiz xanımı yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.