XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
30 Noyabr, 2022
Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Kooperasiya Universiteti arasında Memorandum imzalanıb

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin Marketinq və Menecment fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Eldəniz Məhərrəmov ilə görüş keçirilib. Görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru, t.ü.f.d., dos. Fərhad Cabbarov, muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova iştirak ediblər.

Eldəniz Məhərrəmov görüş zamanı ilk olaraq, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev adından muzeyin baş direktoru Nailə Vəlixanlıya salamlarını çatdırıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyi ilə Azərbaycan Dövlət Kooperasiya Universiteti arasında qarşılıqlı səmərəli əlaqələrin qurulması və əməkdaşlıq etmək niyyətini rəhbər tutaraq, Memorandum imzalanıb və tərəflər arasında gələcək birgə layihələr haqqında söhbət aparılıb.

Memoranduma uyğun olaraq, hər iki tərəf praktiki əlaqələrin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkilinə, tələbələrin muzeyin xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılmasına, innovativ təşəbbüslərin həyata keçirilməsinə, universitetin elmi potensialından istifadə etməklə yanaşı, muzey xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq istiqamətində razılığa gəliblər.