2010-cu ildə, Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibətilə hazırlanacaq sərgi üçün material toplamaq məqsədilə muzeyin arxivində işləyərkən gözlənilməz, lakin olduqca maraqlı sənədlərlə üzləşdim. Bu – 1930-40-ci illərdə Muzeydə işləyən əməkdaşların şəxsi işlərinin toplandığı sənədlər qovluğu idi. Həmin qovluqdakı materiallar arasında o vaxtlar Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinin II kurs tələbəsi, 17 yaşlı Heydər Əlirza oğlu Əliyevin öz əli ilə yazdığı üç sənədi gördükdə doğrusu, gözlərimə inanmadım. 1940-ci ilin 2 iyulunda Muzeyin direktoru Zeynal Əliyevin adına ekskursovod vəzifəsinə qəbul olunmaq xahişilə yazılmış ərizəyə avtobioqrafiya və şəxsi vərəqə də əlavə olunmuşdu. Rus dilində səliqəli xətlə yazılmış bu sənədlər onu yazan gəncin, əyalətdən gəlməsinə baxmayaraq, savad və qabiliyyətini əyani nümayiş etdirirdi.
Heydər Əliyevin məlum həyat salnaməsində öz əksini tapmayan bu səhifənin tarixini aydınlaşdırmaq üçün Muzeyin həmin dövr iş fəaliyyəti ilə bir daha tanış oldum. Məlum oldu ki, Xalq Komissarları Sovetinin 1939-cu ilin 11 avqust tarixli sərəncamı ilə muzeydə “Azərbaycanda aprel sosialist inqilabının 20 illiyinə” həsr olunmuş, respublikanın nailiyyətlərini əks etdirən sərginin təşkil edilməsi qərara alınmışdı. Bununla əlaqədar yaradılmış hökumət komissiyası Naxçıvan və Qarabağda da bu mövzuda səyyar sərgilərin keçirilməsi qərarını vermişdi. Sərgi 1940-ci ilin 28 aprelində muzeyin 10 zalında fəaliyyətə başladı. Respublika ictimaiyyətinin böyük maraqla qarşıladığı bu sərgini muzeyin 1940-ci il fəaliyyətinə dair hesabatına əsasən ilin sonunadək 22000 insan ziyarət etmişdi. Xalq Komissarları Sovetinin 29 dekabr 1940-ci il sərəncamına əsasən sərgi bağlanıldı. Elə bu zaman Muzeyin o dövrdə “Muzeylər evi” adlandırılan Tağıyev mülkündən Şirvanşahlar Sarayına köçürülməsi məsələsi gündəmə gətirildi. Sərginin yığışdırılması, muzeyin müasir dövr ekspozisiyasının bağlanılması ilə əlaqədar iş yükü azaldılmış elmi işçilər və xüsusilə, sərgiyə və ekspozisiyaya xidmət edən ekskursovodlar muzeydən getməli oldular. Azərbaycan Tarixi Muzeyinin 1941-ci ilə aid əmrlər kitabında bu ixtisarlar “Şirvanşahlar Sarayına köçmə ilə bağlı iş şəraitinin dəyişməsi” ilə əlaqələndirilmişdi. Həmin ilin yayında isə həm ixtisarlar, həm də müharibənin başlanması ilə əlaqədar yalnız bir neçə işçisi qalmış Tarix Muzeyi EA-nın Azərbaycan filialında fəaliyyət göstərən Dil və Ədəbiyyat, Tarix, Ensiklopediya və Lüğətlər İnstitutları ilə Tarix, Dil, Ədəbiyyat İnstitutı adı altında vahid qurumda birləşdirildi. Onu da qeyd edim ki, gənc Heydər Əliyev sonralar başqa sahədə işləsə də, tarixə olan marağı onu yenə də tarix fakültəsinə gətirmiş, o, universitetin bu fakültəsində qiyabi təhsil almışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.