Bu gün ölkədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günü qeyd olunur.
Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin böyük hamisidir. 2005-ci ildən "milli” statusunu almış Milli Azərbaycan Tarixi Muzeyi bu gün ölkə Prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Muzeyin 90 illiyi Prezident İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmiş, ona həsr olunan tədbirlər 1-3 noyabr tarixlərində "Muzeylər və mədəni irs” beynəlxalq konfransı və noyabrın 24-də keçirilən təntənəli mərasimlə başa çatdırılmışdır. Milli Azərbaycan Tarixi Muzeyinin 22 əməkdaşı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi” fəxri adına və "Tərəqqi” medalına layiq görülmüş, 30 nəfər AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuş, muzeyin baş direktoru "Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.
Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə onun ehtiyat fondundan, Nazirlər Kabinetinin investisiya fondundan respublikanın ilk muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinə eksponatların alınması və restavrasiyası üçün 2008-2009, eləcə də 2011-ci illərdə bir milyon manat vəsait ayrılması tarixi əhəmiyyət daşıyan, heç bir qiymətlə ölçüyə gəlməyən bir çox sənət nümunəsini xalqa qaytardı; bu vəsaitə 6851 yeni eksponat alınmış, 6532 eksponat bərpa və restavrasiya olunaraq ikinci həyatını yaşamağa başlamışdır. Dövlətin, ölkə rəhbərinin böyük əhəmiyyətə malik bu əvəzsiz dəstəyinin dəyərini yüksək qiymətləndirən muzey kollektivi cəmiyyət qarşısında hesabat məqsədilə 2010-2012-ci illərdə bərpa olunmuş həmin eksponatlardan "Muzey eksponatlarının ikinci həyatı” adlı iki, yeni alınmış əşyalara aid "İrsimizin itirilməmiş inciləri” adlı bir sərgi təşkil etmiş, "Mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti və problemləri” mövzusunda elmi-praktiki seminar keçirmiş, sərgilənən eksponatların kataloqunu nəşr etdirmişdir.
Dövlət başçısının muzeyin 100 illik yubileyi ərəfəsində müasir tələblərə uyğun yeni layihələrin həyata keçirilməsi və müasir infrastrukturun yaradılmasını vacib bilərək, muzeydə yubileyqabağı bərpa və quruculuq işlərinə başlanması barədə tapşırıq, eləcə də 100 illik yubileyin layiqincə keçirilməsi haqqında xüsusi sərəncam verməsi bu qayğı və diqqəti təsdiq edir.
Bu gün ölkəmizin tarixi-mədəni irsinin və yaddaşının qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi, akademik Nailə Vəlixanlının qeyd etdiyi kimi dövlətin qayğısı ilə ölkənin böyük əhəmiyyət daşıyan elmi-mədəni ocağına çevrilmişdir.
Prezident İlham Əliyev vətənə dərin məhəbbət və güclü siyasi iradəsi kimi yüksək mənəvi keyfiyyətlərə malikdir. Məhz Prezidentin müzəffər komandanlığı ilə 30 il idir ki, işğal altında olan Qarabağ torpaqları 44 günlük Vətən Müharibəsinin nəticəsində yenidən Azərbaycana qovuşdu.
Milli Azərbaycan Tarixi Muzeyi adından Cənab Prezident İlham Əliyevi təbrik edir, ona can sağlığı və ölkəmizin rifahı naminə görülən fəaliyyətində uğurlar arzulayırıq!