XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
21 Fevral, 2023
Muzeydə məktəblilər üçün seminar keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilən tədbirlər planı çərçivəsində muzeydə “Heydər Əliyev İli”nə həsr olunmuş “Dahi rəhbər: Azərbaycanın ictimai-siyasi fikir tarixində Heydər Əliyev məfkurəsi” adlı seminar keçirilib. 

Məktəb şagirdlərinin maariflənməsi məqsədilə keçirilmiş seminarda S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, Texniki Humanitar liseyinin, Zəngilan rayonu 29 saylı tam orta məktəbin, Bakı-İstanbul liseyinin, 2 nömrəli Uşaq Gənclər İnkişafı Mərkəzinin, 317 saylı tam orta məktəbin, 262 saylı tam orta məktəbin, 245 saylı tam orta məktəbin müəllim, şagird kollektivi, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, tədbirin əhəmiyyətindən danışıb. Həmçinin, qeyd edib ki, dövlət başçısının verdiyi qərar bir daha dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək, ulu öndər Heydər Əliyevə məxsus bir sıra sənədlərin Milli Azərbaycan Tarixi Muzeyində qorunduğu barədə ətraflı məlumat verib.

Daha sonra şagirdlər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər (Azərbaycan, ingilis, rus dillərində).

Sonda seminar iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.