XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Yanvar, 2013
Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin şərtlərinə əsasən, geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda, müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır.


Eskizlər A3 formatında, 3 müxtəlif dəstdə (hər dəstdə 3 kişi, 3 qadın geyimi) təqdim olunmalıdır. Geyim eskizləri bu il martın 1-dən gec olmayaraq Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 40, AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 305-ci otaq, telefon: 012 493-93-85) təqdim edilməlidir. Müsabiqəyə təqdim olunmuş geyim-eskizlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən martın 5-də baxış keçiriləcəkdir. Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəlliflərinə birinci yer üçün 1000 manat, ikinci yer üçün 800 manat, üçüncü yer üçün 600 manat pul mükafatları veriləcəkdir. Bundan əlavə, müsabiqə iştirakçıları üçün hər biri 200 manat olmaqla üç həvəsləndirici mükafat nəzərdə tutulmuşdur.