XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
30 Avqust, 2023
Beynəlxalq elmi nəşrdə Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında oçerk təqdim olunub

Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) elmi işlər üzrə direktor müavini İvan Aleksandroviç Yaşkovla Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib. Görüşdə muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov və İ.Yaşkov hər iki muzeyin gələcək birgə layihələrindən danışıblar.

Səmərəli söhbətdən sonra İ.Yaşkov Geologiya, Neft və Qaz Muzeyinin “Атлас газа” (“Qaz Atlası”) adlı yeni nəşrini muzeyə hədiyyə edib. Atlas Rusiya, Azərbaycan və digər MDB ölkələri, həmçinin Avropa muzeylərinin materialları əsasında hazırlanıb. Nəşrdə F.Cabbarovun müəllifliyi ilə Azərbaycanda qaz sənayesinin tarixi haqqında oçerk də təqdim olunub.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə Geologiya, Neft və Qaz Muzeyi XIX-XX əsrlərdə neft hasilatı tarixinə həsr olunmuş- “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” və “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı sərgilərin təşkilində əməkdaşlıq edib. Sərgilər hər iki ölkənin geniş ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.