İraqda İraq–Azərbaycan Dostluq Cəmiyyəti və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, prof. Nərgiz Əliyeva “Heydər Əliyev və Azərbaycan mədəniyyəti tarixinin tədqiqi” adlı məruzə ilə çıxış edib (onlayn). Tədqiqatçı-alim məruzədə qeyd edib ki, “Azərbaycan xalqının böyük sərvəti sayılan Azərbaycan mədəniyyətinin himayə olunmasında ümummilli lider Heydər Əliyevin rolu misilsizdir. Ümummilli lider öz siyasi fəaliyyəti dövründə xalqının mədəni dəyərlərinin, milli sərvətlərinin təbliği istiqamətində mühüm fəaliyyət göstərmişdir. Eyni zamanda Ulu öndər Heydər Əliyev respublikada muzey işinin inkişafı üçün də səylərini əsirgəməmişdir”. Həmçinin, N.Əliyeva çıxışında vurğulayıb ki, “hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla davam etdirir, tarixi və mədəniyyət abidələrimizin qorunmasına xüsusi qayğı göstərir”.