Fevralın 2-də Rusiyanın görkəmli şərqşünas-ərəbşünası, tarix elmləri doktoru, məşhur tərcüməçi İqnati Kraçkovskinin şagirdi, həmvətənimiz Teodor Şumovskinin anadan olmasının 100 illiyi tamam olur. Rusiyada Müqəddəs Quranın ilk dəfə poetik tərcüməsi (bu əsər 1992-2008-ci illərdə beş dəfə nəşr olunmuşdur) Teodor Şumovskinin əsas yaradıcılıq və elmi nailiyyətlərindən biri
sayılır.Teodor Şumovski 1913-cü ildə Jitomirdə Polşa əsilli bank qulluqçusunun ailəsində anadan olmuşdur. 1915-ci ildə ailə Şamaxıya köçmüşdür. Bu, gələcək alimin taleyini müəyyən etmişdir. Şamaxı onun üçün əbədi məhəbbətlə bağlandığı əfsanəvi Şərqə çevrilmişdir. Alim deyirdi: “Gələcək ixtisasım məni burada tapdı”.
Teodor Şumovski görkəmli orta əsr Azərbaycan şairi Ətaallah Ərranini bizə bəxş etmişdir.
T.Şumovski ilyarım ərzində - 1936-cı ilin axırlarından 1938-ci ilədək Şirvan şairinin divanının böyük bir hissəsini tərcümə edir. Tədqiqatı başa çatdırmaq T.Şumovskiyə nəsib olmur: o, 1938-1946-cı illərdə Stalin düşərgələrində məhbus həyatı yaşayır. T.Şumovski ilyarım ərzində iki həbs arasında namizədlik dissertasiyası yazır. O, əsərlərində orta əsrlərdə ərəb dənizçiliyinin tarixi rolunu bərpa edir. Onun ərsəyə gətirdiyi “Ərəb dənizçiliyi ensiklopediyası”nda ərəblərin inkişaf etmiş, Avropa naviqasiyasının beşiyi sayılan və XVI əsrdə Avropa istilaçıları tərəfindən məhv edilmiş dənizçilik mədəniyyəti əks olunmuşdur. T.Şumovski “Dənizçi Sindbadın izləri ilə. Okean Ərəbistanı” (1986) və “Ərəb dənizinin sonuncu şiri” (1999) elmi-populyar kitablarının müəllifidir. O, “Oroksologiya” (2002) əsərində dilçilik prosesinə öz baxışlarını şərh etmişdir. Onu musiqi qədər gözəl, əbədiyyət qədər sehrli ərəb xəttatlığı cəlb edirdi. T.Şumovski Müqəddəs Quranın məhz şeir üslubunda tərcüməsini nə üçün öhdəsinə götürdüyünə aydınlıq gətirərək yazırdı: “Müqəddəs Quran ərəb dilində ən möhtəşəm kitabdır. Onun rus dilinə bütün tərcümələri, o cümlədən İqnati Kraçkovskinin tərcüməsi qüsurludur. Hələ XVIII əsrdə II Yekaterinanın saray qiraətçisi olan M.Veryovkinin tərcüməsi məlumdur. O, rus dilinə ərəb dilində orijinaldan deyil, Dyu-Riyenin fransızcaya tərcüməsindən çevirmişdir. Yeri gəlmişkən, Puşkin özünün “Qurana bənzətmə” əsərini yazarkən həmin tərcümədən istifadə etmişdir.
T.Şumovski tələbələrlə görüşündə danışırdı: “Bizə Qurana dair xüsusi kurs keçən. İ.Kraçkovski belə deyirdi: “Tərcüməni çapa hazırlamaq üçün mən ilyarım başqa qayğılardan azad olmalıyam....” Lakin sovet ərəbşünasının başqa qayğılardan qurtulmağa vaxtı olmadı, onun dul xanımı isə orijinalla tutuşdurulmayan tərcüməni dərc etdirdi. Təəssüf ki, İ.Kraçkovskinin tərcüməsi şeir üslubunda deyil, hərfidir.
O, Quranın tərcüməsinə 80 yaşında qayıtdı. T.Şumovskinin tərcüməsi altı dəfə nəşr edildi. Teodor Şumovski özünü mömin deyil, elm adamı sayırdı: “Bütün ömrüm boyu təcrübədən keçirilməsi mümkün olan məsələlərlə maraqlanmışam. Mənə Allaha inanmaq lazım deyil – sadəcə Onun mövcud olduğunu bilirəm. O, özünün yaratdığı bütün varlıqlar üçün təkdir. Kilsəyə getmirəm. Allaha kilsələr lazım deyildir. Allaha lazımdır ki, onun yaratdıqları bir-birinə kömək etməyə qabil olsunlar. Yalan danışmasınlar, soyğunçuluq etməsinlər, öldürməsinlər, savaşmasınlar, namusla və zəhmətlə dolansınlar. Bax, O, bizi bunun üçün yaratmışdır! Namuslu və zəhmətsevər olmaq Allaha ən yaxşı xidmətdir”.
Böyük alim T.Şumovskinin həyat amalı da məhz bu idi. T.Şumovski son illər şeir tərcümələrinin antologiyası üzərində çalışırdı. O, 2012-ci il fevralın 28-də, 100 yaşının tamam olmasına cəmi bir il qalmış Peterburqda vəfat etmişdir və Volkov məzarlığının “Literatorskiye mostki” deyilən hissəsində müəllimi İ.Kraçkovskinin yanında dəfn edilmişdir. Onun başdaşında ərəb əlifbası ilə “Fəaliyyətinin bəhrəsi olmayan alim yağışsız bulud kimidir” sözləri yazılmışdır.
Xəbər AzərTAc-ın müxbiri Salehə Əliyevanın materialları əsasında tərtib olunub
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.