XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Fevral, 2013
Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçirilmişdir

 

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 2010-2012-ci illərdə muzeyin nəşrlərinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində elmi-tədqiqat institutları və ali təhsil ocaqlarının rəhbərləri, müəllim və tələbləri, respublikanın aparıcı kitabxanalarının əməkdaşları, kitab satışı mərkəzlərinin nümayəndələri, kitab


sevərlər, KİV nümayəndələri iştirak etmişlər. Tədbirin əsas məqsədi ötən üç il ərzində Muzey tərəfindən nəşr olunmuş kitabları geniş ictimaiyyətə təqdim etmək, Muzeylərdə qorunan maddi-mədəniyyət nümunələri barədə elmi və elmi-populyar ədəbiyyatın nəşr olunmasının  vacibliyini vurğulamaqdır. Muzeyin Konfrans salonunda nəşr olunmuş kitablardan ibarət stendlər qurulmuş, müvafiq posterlər sərgilənmişdir. Təqdimatdan əvvəl tədbir iştirakçıları muzeyin konfrans salonunda təşkil olunmuş nəşrlərlə tanış olmuşlar. Azərbaycan tarixinin aktual məsələlərinə, həmçinin muzeydə qorunan eksponatlara həsr olunmuş nəşrlər sırasında “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloq-albomu, “Hacı Zeynalabdin Tağıyev” albomu, “Azərbaycanın antropomorf terrakotları”, “Şirvanın bədii metalı”, “Mirzə Fətəli Axundzadə - 200”, “Xurşidbanu Natəvan – 180”, “Azərbaycanın müdafiə silahları” kataloqları, “Z.Tağıyevin qız məktəbi tarixindən”, “Azərbaycanın Paris sülh konfransındakı elçiləri”, “Azərbaycan xanlıqlarının bayraqları”, “Biz birlikdə qalib gəldik!”, “Azərbaycan xalqının mənəvi həyatı” kitabları, “Qarabağın tarixi-mədəni irsi”, “Qafqaz Albaniyasının epiqrafik abidələri”, “Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları” adlı bukletlər, müxtəlif beynəlxalq konfransların tezis və məruzələri, muzeyin məqalələr toplusu xüsusi yer tutur. Tədbirin açan muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı nəşrlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, tədbirin əsas məqsədi ötən üç il ərzində muzey tərəfindən nəşr olunmuş kitabları geniş ictimaiyyətə təqdim etmək, muzeylərdə qorunan maddi-mədəniyyət nümunələrindən bəhs edən elmi və elmi-populyar ədəbiyyatın nəşrinin vacibliyini diqqətə çatdırmaqdır. Təqdimata muzey tərəfindən 20-dən artıq kitab, kataloq, bröşür və buklet daxil edilmişdir. Muzeyin direktoru nəşr olunmuş bir sıra kitablar haqqında da geniş məlumat vermişdir. Sonra “Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri (2010-2012)” adlı slayd-film nümayiş etdirilmişdir. Direktor Nailə Vəlixanlı “Muzeyin  inciləri”, “Muzeyin bələdçisi” , “The Great Silk Way” kitabları haqqında məlumat vermişdir. Elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva Muzey tərəfindən hər il nəşr olunan məqalələr toplusu barədə məlumat verərək, topluda yalnız Azərbaycanın deyil, xarici tədqiqatçıların da materiallarının nəşr olunmasını vurğulamışdır. Muzeyin elmi katib Fərhad Cabbarov Muzey tərəfindən nəfis tərtibatda nəşr olunmuş “H.Z.Tağıyev albomu”, “H.Z.Tağıyev Qiz məktəbi” adlı kitablar barədə danışmışdır. O, həmçinin 2010-cu ildə Muzeydə keçirilmiş və Qiz məktəbi ilə bağlı simpoziumun tezis və məruzələrini təqdim etmişdir. Muzeyin baş mühafizi Məhfuzə Zeynalova Muzeyin bərpa laboratoriyasının işini əks etdirən “Muzey eksponatlarının ikinci həyatı-2” bukleti barədə məlumat vermişdir. Ekspozisiya şöbəsinin əməkdaşı Fidövsiyə Əhmədova Muzeyin əşr etdirdiyi kitabların əhəmiyyətindən danışaraq onların bir qisminin təkcə Azərbaycan dilində deyil, rus və ingilis dillərində də çap olunduğunu diqqətə çatdırılmış və bu kitabların dünyanın məşhur kitabxanalarına göndəriləsinə ehtiyac olduğunu xüsusi vurğulamışdır. Etnoqrafiya fondunun müdiri Gülzadə Abdulova “Atalar sözləri etnoqrafik duyum-yozum kontekstində” adlı monoqrafiyanı təqdim etmiş, “Mirzə Fətəli Axundazadə - 200”, “Xurşid Banu Natəvan – 180” kataloqları haqqında danışmışdır. Ekspozisiya şöbəsinin əməkdaşı Məmməd Məmmədov “Çar Rusiyasının aksiz siyasəti” kitabı haqqında məlumat vermişdir. Arxeologiya fondunun müdiri Nasir Quluzadə “Antropomorf fiqurlar”, “Şirvanın bədii metalı” adlı kataloqları təqdim etmişdir. Silahlar və Bayraqlar Fondunun müdiri Sevinc Vahabova “Azərbaycanın müdafiə silahları” kataloqu haqqında danışmışdır. Xarici əlaqələr şöbəsinin əməkdaşı Pərvin Gözəlov “Azərbaycan xanlıqlarının bayraqları” kitabı haqqında məlumat vermişdir. Ekspozisiya şöbəsinin əməkdaşı Bağırov Fikrət faşızm üzərində qələbədə Azərbaycan xalqının roluna həsr olunmuş “Biz birlikdə qalib gəldik!”, “Они сражались за Беларусь», kitabları, həmçinin “Azərbaycanın Paris sülh konfransındakı elçiləri” kitabı barədə məlumat vermişdir. AMEA Rəyasət Heyətinin şöbə müdiri Zemfira Hacıyeva Muzeyin vaxtsız dünyasını dəyişmiş əməkdaşı Tamilla İbrahimovanın bukletləri və müəllifi olduğu “Azərbaycan xalqının mənəvi həyatı və maddi mədəniyyətin yaradılmasında onun roluy” kitabı haqqında danışmışdır. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqlara söz vermiş, onlara kitablar və tədbir barədə fikirləri ilə bölüşməyi təklif etmişdir. Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva çıxış edərək Milli Azərbaycan tarixi Muzeyinin fəaliyyətinin genişlənməsində muzeyin direktoru Nailə Vəlixanlının xidmətlərini xüsusi qeyd etmiş, bu kimi tədbirlərin Elmlər Akademiyasının fəaliyyəti barədə geniş ictimaiyyətinə məlumat verilməsi baxımından olduqca əhəmiyyətli olmasını vurğulamışdır. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qeyd etmişdir ki, milli kitabxanaya soydaşlarımızla bərabər minlərlə xarici vətəndaş müraciət edir və Azərbaycanla bağlı ədəbiyyat sifariş verirlər. Bu baxımdan Muzeyin nəşrlərinin yalnız azərbaycan dilində deyil, xarici dillərdə də olması vətənimizin tarixi və mədəniyyəti haqqında əcnəbilərin məlumatlandırılması baxımından olduqca əhəmiyyətlidir. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdim olunan kitabların bir qisminin təkcə azərbaycan dilində deyil, rus və ingilis dillərində çap olunmasının qeyd etmiş, bu kitabların dünyanın məhşur kitabxanalarına göndəriləcəyini vurğulamışdır. Tədbirin sonunda Muzeylə bir sıra kitabxana, kitab evi və kitab satış mərkəzləri arasında Muzeyin nəşrlərinin yayılması barədə müqavilələr imzalanmışdır.

 

 

Tədbirdən çəkilmiş fotoşəkillərlə Muzey saytının “Fotoqalereya” bölümündə tanış ola bilərsiniz.