XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
28 Fevral, 2024
Muzeydə Azərbaycanın epiqraf alimi Məşədixanım Nemətin 100 illik yubileyinə həsr olunmuş elmi- praktik konfrans keçirilib

Bu gün, 28 fevral 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor, “Şöhrət” ordenli epiqraf alim Məşədixanım Nemətin 100 illiyinə həsr olunmuş “Məşədixanım Nemət-100” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, akademik Nərgiz Axundova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, professor Qafar Cəbiyev, AMEA-nın müxbir üzvü, t.e.d. Fəxrəddin Səfərli, professor Şahin Fazil, t.ü.f.d., dosent Cəbi Bəhrəmov, professor Cəfər Qiyasi, professor Hidayət Cəfərov, Bursa Uludağ Universitetinin professoru Cengiz Alyılmaz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Maral Poladova, professor Qasım Hacıyev, professor Tarix Dostiyev, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d Nərgiz Əliyeva, professor Rizvan Qarabaği, t.ü.f.d., dosent Bəhlul İbrahimli, t.ü.f.d., dosent Qənirə Pirquliyeva, Zabrat qəsəbəsi 75 saylı orta məktəbin Tarix fənni müəllimi Asif Hüseynov, Mədəniyyət Nazirliyinin aparıcı mütəxəssisi Səyavuş Əlizadə, t.ü.f.d., dosent Vəfa Quliyeva, muzeyin Arxeologiya elmi fond şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Həbibə Əliyeva, muzeyin Numizmatika fondunun əməkdaşı, t.ü.f.d. Aygün Məmmədova, KİV nümayəndələri və muzeyin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, epiqrafist alim Məşədixanım Nemətin əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib. Akademik N.Vəlixanlı çıxışında Məşədixanım Nemətin Azərbaycan ərazisində tədqiq etdiyi kitabələr haqqında nəşr olunan əsərlərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Həmçinin, bildirib ki, “Məşədixanım Nemət tarix elminin ən çətin sahələrindən biri ilə məşğul idi və bütün ömrünü bu işə həsr etmişdi”.

Sonra akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, “həyatını elmə həsr edən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemət Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, sözün əsl mənasında böyük vətəndaş, ziyalı idi”. Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev, professor Şahin Fazil, professor Qafar Cəbiyev, professor Tarix Dostiyev bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın epiqraf alimi Məşədixanım Nemətin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb.

Daha sonra Məşədixanım Nemətin tələbəsi olmuş muzeyin epiqraf alimi Həbibə Əliyeva çıxış edərək, alimin həyatı, elmi fəaliyyəti və onun barəsində xoş xatirələri haqqında danışıb. Həmçinin, H.Əliyeva bildirib ki, M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiya, 200 elmi məqalə, o cümlədən, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu nəşr etdirib. Konfrans zamanı çıxış edənlər Məşədixanım Nemətin özündən sonra böyük bir elmi irs buraxdığını və elmi əsərlərinin gələcək nəsillərə ötürüldüyünü vurğulayıblar.

Sonda Məşədixanım Nemətin qızı Vəfa Quliyeva çıxışında anası ilə bağlı xoş xatirələrini bölüşüb, konfransın təşkilatçılığına görə muzey rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.