
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) vəfatının 60 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbiri muzeyin Numizmatika fondunun müdiri Sənurə Dostiyeva açaraq, seminarın əhəmiyyətindən bəhs edib, Yevgeni Paxomovun həyat yolu və çoxşaxəli elmi fəaliyyəti barədə geniş məlumat verib. Çıxışdan sonra professorun muzey fondlarında qorunan materialları- fotolar, sənədlər və şəxsi əşyalar əsasında hazırlanmış videorolik nümayiş etdirilib. Seminar öz işini məruzələrlə davam etdirib. Muzeyin Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova, Arxeologiya elmi fond şöbəsinin müdiri , t.ü.f.d., dosent Nasir Quluzadə, Xüsusi fondun müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Tarix Dostiyev, t.ü.f.d., dosent Qənirə Pirquliyeva və “NumAz” MMC-nin əməkdaşı Şahin Əliyev çıxış edərək Yevgeni Paxomovun elmi irsindən söz açıb, numizmatik tədqiqatların müasir çağırışları və bu sahədə rəqəmsallaşdırmanın əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Eyni zamanda numizmatik tapıntıların beynəlxalq səviyyədə tanıdılması və müasir mühafizə problemlərinin həlli ilə bağlı təkliflər irəli sürülüb.
Tədbirdə iştirak edən Qərbi Kaspi Universitetinin tələbələrinin sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Seminarın sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
Məruzələrin xülasələrinin nəşri nəzərdə tutulub.