XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
28 Mart, 2024
Muzeydə keçirilmiş “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” adlı sərgi ikinci dəfə Bolqarıstanda təşkil olunub

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin dəstəyi ilə bahar və çiçəklərə, yaz bayramları - Baba Marta və Novruza həsr olunmuş rəsm və kompozisiyalardan ibarət sərgi təşkil olunub.

Sərgidə Xarıbülbül və çiçək açan narın təsvirləri olan rəsmlər, bolqar uşaq və tələbələrin “Bahar” mövzusunda kompozisiyaları, həmçinin azərbaycanlı uşaqların çəkdikləri bolqar qızılgülü və bolqar adət-ənənələrinin rəsmləri təqdim olunur. Sərgini Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqaeva-Mitreska açaraq qeyd edib ki, hər bir xalqın yazın gəlişini qeyd etməyinin özünəməxsus tərzləri var. Sofiya Şiqaeva-Mitreska həmçinin vurğulayıb ki, “Yaz paralelləri” adlı beynəlxalq layihə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunub. Layihənin məqsədi iki ölkə arasında qarşılıqlı olaraq tarixi və mədəni irsini təbliğ etməkdir.

Sərginin rəsmi açılışından sonra tədbirdə iştirak edən uşaqlar üçün yaradıcılıq emalatxanası təşkil olunub, burada onlar Xarıbülbül aplikasiyası hazırlayıb, bahara həsr olunmuş pazlı bir araya toplayıblar.

Sonda uşaqlara iştiraklarına görə təşəkkürnamə və kiçik hədiyyələr təqdim olunub.

Xatırladaq ki, sözügedən sərgi ilk dəfə 1 mart 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində keçirilib.