Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin üzvlərinə və Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin şagirdlərinə 31 Mart – azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı" mövzusunda mühazirə oxuyub.
Q.Qafarlı mühazirədə 1918-ci ildə həyata keçirilən tarixi cinayətin baş verdiyi tarixi şərait və onun səbəbləri haqqında ətraflı məlumat verib, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı əsrlərboyu törətdikləri vandalizmin miqyası və dəhşətləri haqqında geniş şəkildə danışıb.
Tədbirdə erməni vəhşiliklərini sübut edən fotoşəkillərdən və Milli Azərbaycan Tarixi Muzeyinin "Azərbaycanlıların Soyqırımı" bölməsinin materiallarından ibarət fotoslayd nümayiş olunub.
Q.Qafarlının təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar ətraflı cavablandırılıb.