XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 Aprel, 2024
Muzey “Naxçıvan – qədim diyar” adlı təsviri və tətbiqi incəsənət işlərindən ibarət müsabiqə elan edir

Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Milli-mədəni irsin təbliği” layihəsi əsasında Milli Azərbaycan Tarixi Muzeyində 2024-cü il 7-8 may tarixlərində “Naxçıvan – qədim diyar” adlı rəsm və əl işlərindən ibarət müsabiqə-sərgi keçiriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın qədim diyarı Naxçıvanın tarixini, maddi mədəniyyətini gənc nəslə daha yaxından tanıtmaq, gözoxşayan təbiətini tərənnüm etməkdir.

Müsabiqənin şərtləri: Təqdim olunan incəsənət nümunələrinin Naxçıvanın maddi mədəniyyətini, təbiətini əks etdirmələri əsas şərtlərdən biridir. Müsabiqədə mövzuya uyğun rəsm əsəri, tikiş, toxuculuq məmulatı, dekorativ tətbiqi sənət, gipsdən düzəldilmiş fiqurlar, heykəltəraşlıq nümunələri, applikasiya və s. hazırlanmış əl işləri ilə respublikanın müxtəlif regionlarından istedadlı, bacarıqlı hər kəs iştirak edə bilər.

Müsabiqə 2 mərhələdə - I təsviri incəsənət, II tətbiqi incəsənət nümunələri üzrə keçiriləcək. İncəsənət xadimləri, sənətşünas, rəssamlardan ibarət Münsiflər Heyəti nümayəndələrinin iştirakı ilə hər iki mərhələ üzrə 3 nəfər qalib seçilib elan olunacaq. Hər bir iştirakçıya sertifikat təqdim olunacaq, qaliblər mükafat və Fəxri Fərmanla təltif ediləcək. Müsabiqə qaliblərinin ictimaiyyətə çatdırılması məqsədilə tədbir KİV-də işıqlandırılacaq.

Müsabiqə üzrə tələblər: müsabiqəyə hər bir iştirakçı 1 iş göndərə bilər; əl işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat- adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, ali məktəb, işlədiyi müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır; əl işləri Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiya və təhsil proqramları şöbəsinə (H.Z.Tağıyev küç. 4) təqdim olunmalıdır.

Müsabiqədə iştirak ödənişlidir. Rəsm əsərləri və əl işlərinin qəbuluna 8 aprel tarixində start veriləcək.

Son müraciət tarixi: 5 may 2024-cü il. Əlavə məlumat üçün əlaqə nömrələri: 055-665-52-57; 055-734-76-64 Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi H.Z.Tağıyev küç. 4.