XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Fevral, 2013
Azərbaycan tarixinin yorulmaz tədqiqatçısı, Muzey işinin fədaisi (tarixçi alim Rauf Məmmədovun 80 illiyinə həsr olunur)

 Fevralın 15-də Milli Azərbaycan Tarixi Muzeyində tarixçi alim Rauf Məmmədovun 80 illiyinə həsr olunmuş elmi seminar keçiriləcək. Seminar 14.00-da başlayacaq. Orta əsrlər Azərbaycan tarixinin istedadlı tədqiqatçısı, ömrünün böyük hissəsini zəngin maddi-mənəvi isrimizin qorunduğu Azərbaycan Tarixi Muzeyi ilə bağlayan Rauf Ağabala oğlu Məmmədov 1932-ci ildə


Bakı şəhərində dünyaya göz açmış,  1951-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirən, həmin ildə Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində işə başlayan gənc tədqiqatçı “Bilik” cəmiyyətinin də üzvü olur. O dövrdə “Bilik” cəmiyyəti geniş ictimaiyyəti elmin yenilikləri ilə tanış edir, xalqımızın tarixi və mədəniyəti ilə bağlı respublikanın müxtəlif rayonlarında mühazirələr təşkil edirdi. Mühazirələrdə iştirak edən gənc alimdən daim elmi axtarışların yeni nəticələri ilə tanış olmaq, onları sadə, hamının qavraya biləcəyi dildə zəhmətkeşlərə çatdırmaq tələb olunurdu. Mühazirələr oxumaq üçün respublikanın bölgələrini qarış-qarış gəzmək, çox vaxt normal yolları, adi tələblərə cavab verən qonaq evi və mehmanxana olmayan kolxoz, kənd və qəsəbələrdə qalmaq gənc tarixçidən inadkarlıq, iradə tələb edirdi. Azərbaycanın qədim şəhərlərinin tarixilə məşğul olan Rauf Məmmədov vətən torpağının ayrılmaz parçası olan Naxçıvanın tarixini ciddi şəkildə araşdırmağa başlayır. Orta əsr Azərbaycan şəhərlərinin xarici əlaqələri üzrə tanınmış tədqiqatçı Ə.N.Hüseynovun rəhbərliyi ilə dissertant Rauf Məmmədov orta əsr mənbələrini  öyrənməyə başlayır. Artıq  1962-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri”ndə gənc tədqiqatçının “Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi barədə” adlı məqaləsi çap olunur. Qədim Azərbaycan torpağı Naxçıvan haqqında xarici səyyahların qeydlərinin araşdırılması vətən tarixşünaslığını yeni faktlarla zənginləşdirir. Tarix muzeyinin daimi nəşrlərindən olan “Azərbaycan tarixi üzrə materiallar” toplusunda R.Məmmədovun “Naxçıvan şəhərinin qədim dövr və orta əsr tarixindən” (1962) və “Naxçıvan şəhərinin X-XII əsrlər tarixindən” (1963) adlı məqalələri çap olunur. Lakin Məmmədovu sırf arxiv materialları üzərində işləyən tədqiqatçı kimi təsüvvür etmək doğru olmazdı. O, dəfələrlə Naxçıvanda olmuş, bölgənin tarixi abidələri ilə yerində tanış olmuşdu. 1964-cü ildə SSRİ-də arxeoloji və etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş sessiyada o, “Naxçıvan şəhərinin tarixinin öyrənilməsində maddi mədəniyyət abidələri mənbə kimi” mövzusunda məruzə ilə çıxış etmişdir. 1965-ci ildə Rauf Məmmədov “Naxçıvanın orta əsrlər dövrü tarixinin oçerkləri” adlı namizədlik dissertasiyasını müdafiə etdi. Böyük uğurla keçən müdafiə Azərbaycan tarixşünaslığında vətən tarixinin qaranlıq səhifələrini araşdırmaq arzusu ilə yaşayan yeni simanın meydana çıxmasını sübut etdi. Naxçıvanın tarixi abidələrini araşdırmağı davam edən, elmi araşdırmalarının nəticələrini geniş ictimaiyyətə çatdırmağa can atan Məmmədov bu istiqamətdə silsilə məqalələr çap etdirirdi. Onun “Möminə Xatun kimdir?” (“Azərbaycan qadını”, 1966, №2), “Azərbaycan mədəniyyətinin unikal abidəsi” (“Elm və həyat”, 1966, № 8), “Bir qalanın sirri” (“Ulduz jurnalı, 1967, №4), “Azərbaycanın qədim və orta əsr maddi mədəniyyətinin bəzi  abidələri haqqında” (“Azərbaycan tarixi muzeyinin əsərləri”, 1968, c.VII) mövzularında olan məqalələri Naxçıvanın o dövrdə az məlum olan və zəif öyrənilmiş adibələrinə həsr edilmişdi. Qeyd etmək lazımdır ki, özünə qarşı olduqca tələbkar olan Rauf Məmmədov namizədlik dissertasiyasını daim təkmilləşdirir, ona yeni materiallar əlavə edirdi. Onun elmi fəaliyyətinin sah əsəri olan “Naxçıvan şəhərinin tarixi (orta əsrlər dövrü)” monoqrafiyası 1977-ci ildə çap olundu. 1967-ci ildə Elmlər Akademiyası Tarix İnstitutunda fəaliyyətini davam etdirən Rauf Məmmədov “Azərbaycanın orta əsr tarixi” şöbəsində çalışır, 1968-1970-ci illərdə isə İnstitutun Elmi katibi vəzifəsində işləməyə başlayır. Bu dövrdə onun elmi tədqiqatlarında nəzərə çarpacaq dərəcədə dəyişikliklər baş verir. Belə ki, əgər əvvəlki dövr məqalələrində o, abidələri madii- mədəniyyət nümunələri kimi təsvir edirdisə, bu dövrdən başlayaraq abidələri Azərbaycan tarixində tutduğu yer, Azərbaycan xalqının formalaşmasında oynadığı rol baxımından təhlil edir. Onun “Əlincə yoxsa Ələncik” (“Elm və həyat”, 1969, № 5), “Əlincə qalası haqqında yeni materiallar” (“1969-cu ildə SSRİ-də arxeoloji və etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş sessiyanın materialları”) adlı məqalələri tədqiqatlarının dərinliyindən xəbər verir. “XVI-XVII əsrlərdə Naxçıvan şəhərinin tarixindən” (“Azərbaycan tarixindən materiallar”, 1973, №VIII), “Naxçıvanda “Atabəy günbəzi” məqbərəsi haqqında yeni materiallar” (“Azərbaycan SSR-də 1972-ci ildə arxeoloji və etnoqrafik tədqiqatların nəticələri”), “Əlincə qalasının orta əsr tarixi” (“Azərbaycan tarixindən materiallar”, 1973, №IX), “X-XIV əsr Azərbaycan şəhərləri və Orta Asiya” (“1973-cü ilin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş elmi sessiyanın materialları”) mövzusunda Rauf Məmmədovun müəllifi olduğu elmi məqalələr Azərbaycan tarixşünaslığında özünəməxsus layiqli yer tuturlar. “Naxçıvan MR-ın toponimikasında türk tipli etnonimlər” (“1970-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş sessiyanın materialları”) məqaləsi sovet dövründə araşdırılması yasaq olan bir mövzuya – türk etnonimlər, Azərbaycan xalqının etnogenezində türk  tayfa birliklərinin roluna həsr olunmuşdur. Geniş ictimaiyyəti Azərbaycan tarixi ilə bağlı materialla məlumatlandırmaq məqsədilə Rauf Məmmədov kütləvi informasiya vasitələrində də bir sıra məqalələr çap etdirmişdir. “Mədəniyyətimizin xəzinəsi” (“Ədəbiyyat və incəsənət” qəzeti, 07.07.1973), “Möminə Xatun tarixi abidəsi haqqında həqiqət” (“Tarix, cəmiyyətşünaslıq, coğrafiyanın tədrisi”, 1974, №3). “Azərbaycanın  orta əsr bürcləri” (“Qobustan”, 1974, №1) adlı məqalələr bu silsilədəndir. Azərbaycan tarixini saxtalaşdıranlara qarşı çıxış edən Rauf Məmmədov “Azərbaycan SSR EA-nın Xəbərləri”ndə (1971, №1) “Müasir İran tarixşünaslığında Azərbaycanın qədim tarixi” adlı məqalə ilə çıxış edir. Elmi tədqiqatların nəticələrini xalqla bölüşməyə can atan Rauf Məmmədov 1971-ci ildən yenidən Azərbaycan Tarixi Muzeyinə qayıdır. O, “Azərbaycanın qədim və orta əsr tarixi” ekspozisiya- fond şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayır. Muzeydə qurulan Azərbaycan tarixi ekspozisiyasının böyük dövrünün təqdim olunması məhz R.Məmmədova həvalə olundu. Ekspozisiyanın yeni-yeni materiallarla daim zənginləşdirilməsini, nümayiş olunan eksponatlar barədə tamaşaçılara hərtərəfli və dolğun məlumatların çatdırılmasını tələb edən  bu vəzifə olduqca böyük məsuliyyət tələb edirdi. Bununla yanaşı o, muzeydə bu dövrdə təşkil olunan Muzeyin sualtı arxeoloji qrupun fəaliyyətini işıqlandıran bir sıra məqalələr də çap etdirmişdi. Tapşırılan işlərə ciddi yanaşması, nizam- intizamı, böyük məsuliyyət ilə seçilən Rauf Məmmədova 1971-ci ildən Elmlər Akademiyası İctimai elmlər bölməsinin Elmi-Koordinasiya Şurasının Elmi katibi vəzifəsi həvalə olunur.  Muzeydə çalışdığı dövrdə Rauf Məmmədov Muzey nəşrlərinin hazırlanması işində də əməyini əsirgəməmişdi. Belə ki, hələ 1960-61-ci illərdə o, müəlliflər kollektivinin üzvü kimi “Azərbaycan. Tarixi və əlamətdar yerləri” toplusunun və “Azərbaycan tarixinin erkən orta əsr və orta əsr dövrü” bələdçi kitabının hazırlanmasında fəal iştirak etmiş, muzeylə bağlı bir neçə müvafiq məqalə çap etdirmişdi. 1964-cü ildə müəlliflər kollektivi tərkibində R.Məmmədovun hazırladığı “Azərbaycan tarixi muzeyi. Bələdçi” kitabı muzeyin qonaqları arasında olduqca populyar olmuş, rus, ingilis, fransız, ərəb, fars, alman dillərinə tərcümə edilmişdir. 1973-cü ildə “Azərbaycan tarixi muzeyi” kollektiv əsərinin hazırlanmasında R.Məmmədov əhəmiyyətli rol oynamışdır. 1975-ci ildə Muzeyin 75 illiyi münasibətilə keçirilmiş təntənəli toplantı və elmi sessiyada R.Məmmədov “Azərbaycanın qədim və orta əsr tarixinin öyrənilməsinə Muzeyin töhfəsi” məruzəsi ilə çıxış etmiş, məruzə müvafiq topluda çap olunmuşdur. Azərbaycan tarixinə həsr olunmuş 50-dən artıq elmi məqalənin, respublikanın dövrü mətbuatında nəşr olunmuş 90-dan artıq elmi-populyar məqalənin müəllifi olan tarix elmləri namizədi Rauf Məmmədova Naxçıvanın tarixinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmək qismət olmadı. Azərbaycan Tarixi Muzeyinin XX əsrin 60-80-ci illərdəki fəaliyyətində əhəmiyyətli rol oynamış, Azərbaycan tarixşünaslığında iz qoymuş görkəmli tarixçi alim Rauf Ağabala oğlu Məmmədovun elmi irsinin bəzi nümunələri hələ də işıq üzü görməmişdir. Əminəm ki, yeni nəsil Azərbaycan tarixçiləri bu dəyərli irsin öyrənilməsi sahəsində uğurlu işlər görəcəkdir. Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2013-cü il fevralın 15-də Azərbaycanın, o cümlədən Naxçıvanın orta əsr tarixinin ilk tədqiqatçılarından olan görkəmli Azərbaycan tarixçisi, muzeyşünas alimi Rauf Ağabala oğlu Məmmədovun (1932-1988) anadan olmasının 80 illiyinə həsr olunmuş elmi seminarın keçirilməsi nəzərdə tutulur.

 

 

Səbuhi Əhmədov,

Milli Azərbaycan Tarixi Muzeyinin

Xarici əlqələr və sərgilərin təşkili şöbəsinin müdiri,

 t.ü.f.d.