XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
20 İyun, 2024
Muzeyin əməkdaşı Naxçıvanda Kəngərli rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə iştirak edib və muzeyin arxeoloji kolleksiyası barədə məlumat verib

2024-cü il iyunun 19-da Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində “Şahtaxtı son tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyası”nın üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədovun və ekspedisiya üzvlərinin Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovla görüşü keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümü münasibətilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun nəzdində təşkil edilən “Şahtaxtı son tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyası”nın Kəngərli rayonu ərazisində yerləşən arxeoloji abidələrin tədqiqi və mühafizəsi məsələləri müzakirə edilmiş, gələcəkdə xüsusi arxeoloji kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılması, o cümlədən qazıntı sahəsinin muzeyləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Tədqiqatçı alim Emin Məmmədov Govurqala abidəsinin muzeyləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, Yaxın Şərqdə və Qafqazda eneolit dövründən indiyədək intensiv yaşayışın olduğu yeganə abidə kimi onun qorunmasına və təbliğinə ciddi ehtiyac var. Belə ki, tədqiqatlar Govurqalanın tunc dövründə Böyükdüz düzünün tayfa birliklərindən birinin mərkəzi olmasını sübut edir. Qazıntılar zamanı tapılmş artefaktlar təsdiq edir ki, Govurqala əhalisi əkinçilik, maldarlıq, metalişləmə, dulusçuluqla məşğul olurdu. Bunu Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında yer almış Şahtaxtı tapıntıları da sübut edir. Bu xüsusiyyətlərinə görə Govurqala qədim şəhər yeri ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil edilmişdir. Kamal Ələkbərov bu təklifi yüksək qiymətləndirərək bildirib ki, bölgənin arxeoloji abidələrinin mühafizəsi, öyrənilməsi və muzeyləşdirilməsi gənc nəsildə vətənpərvərlik ruhunu, doğma yurda bağlılığı bir qədər də artıra bilər. Bu baxımdan ekspedisiyanın işinə hər cür dəstək göstərəcəyinə, ərazidəki nadir tarixi abidələrin mühafizəsi üçün lazımi sərəncamlar verəcəyinə söz verdi. Emin Məmmədov isə abidənin muzeyləşdirilməsi işində Milli Azərbaycan Tarixi Muzeyində çalışdığı müddətdə qazandığı təcrübəyə və biliklərə söykənərək zəruri yardımı göstərməyə hazır olduğunu bildirib.