XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
28 İyun, 2024
Milli Azərbaycan Tarixi Muzeyi və Qazaxıstanın "Sarayşik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Milli Azərbaycan Tarixi Muzeyi və Qazaxıstanın "Sarayşik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib (onlayn). Görüşdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Qazaxıstan "Sarayşik" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru professor Muxtar Əbilseyiti salamlayıb. Sonra hər iki ölkənin tarixi-mədəni əlaqələri, hər iki muzeyin gördüyü işlərdən söhbət açılıb.

Görüş zamanı Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Sarayşik muzeyinin əməkdaşı Ləzzət Baktıgereyeva iştirak ediblər.
Hər iki muzeyin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə tərəflərin beynəlxalq əməkdaşlıq prinsiplərinin təsdiq olunması istiqamətində mədəni irsin qorunması, öyrənilməsi, həmçinin, ölkələrarası elmi və mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyi əsas tutularaq, Memorandum imzalanıb.
Memoranduma əsasən hər iki muzey arasında birgə sərgilərin, tədbirlərin keçirlməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlinib.