24-26 avqust 2024-cü il tarixlərində Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Dünya Cəmiyyətinin (WOSCU) birgə təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd və Daşkənd şəhərlərində “Böyük əcdadların irsi III Renessansın əsası” adlı VIII Beynəlxalq konqres keçirilib.
Konqresin keçirilməsinin məqsədi Özbəkistanın mədəni-humanitar sahədə inkişaf yolunun işıqlandırılması, Özbək xalqının mədəni və mənəvi irsinin öyrənilməsi, qorunması və təbliği sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Sözügedən konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova “Özbəkistanın mədəni irsi- türk-islam sivilizasiyasının bir hissəsi kimi” adlı məruzə ilə çıxış edib.
Tədqiqatçı-alim Məhfuzə Zeynalova çıxışında Özbək irsinin təbliği və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə kömək edəcək layihələr barədə məlumat verib. Məruzə böyük maraqla dinlənilib.
Sonda Məhfuzə Zeynalova sertifikatla təltif edilib.