XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 Sentyabr, 2024
Muzeyin əməkdaşı beynəlxalq elmi seminarda iştirak edib

Özbəkistan Respublikasında Özbəkistan Dövlət Tarix Muzeyinin təşkilatçılığı ilə beynəlxalq elmi seminar keçirilib. Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova elektron təqdimatın müşayiəti ilə “Özbəkistan və Azərbaycanda tapılmış Yusif ibn Divdadın qızıl dinarları” (Золотые динары Юсифа бин Дивдада, найденные в Узбекистане и Азербайджане) adlı mövzuda onlayn çıxış edib (rus dilində).
Məruzədə Saci hökmdarı Yusif bin Divdadın (hicri 288 – 315 = 901 - 927) hakimiyyəti dövründə Ərdəbil, Bərdə şəhərlərində zərb edilmiş nadir qızıl dinarlar haqqında ətraflı məlumat verib. A.Məmmədova məruzəsində belə tapıntıların xarici ticarət dövriyyəsindəki əhəmiyyəti, başlıca göstəricilərini açıqlayaraq, həm də orta əsrlərdə inzibati adlarla zərb edilən qızıl dinarları da vurğulayıb. Belə sikkələr üzərinə Qurani-Kərimin “Tövbə” və “Rum” surələrindən ayələr, zərbxana, hicri təqvimlə zərb ili, hökmdar adları və titulları həkk edilib.
Tədqiqatçı alim A.Məmmədova çıxışında qeyd edib ki, “Azərbaycanda (Naxçıvan) və Özbəkistanda (Səmərqənd) tək sayda, həm də dəfinələr halında aşkarlanan qızıl sikkələrdən bir ədədi (hicri 293 = 912/913-ci il, Ərdəbil) hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Orta əsrlərin pul dövriyyəsini açıqlayan belə tapıntılar Azərbaycan və Özbəkistan tarixinin ortaq göstəricisidir”.
Məruzə maraqla qarşılanıb.