Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Əsrin bəlası” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin nümayəndəsi Nərmin Azadova, MediaArt Psixi Sağlamlıq Mərkəzinin direktoru professor, tibb elmləri doktoru Araz Əliquliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİSÇ-lə Mübarizə Mərkəzinin həkim epidemioloqu Dilşad Mahmudova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abdulla Qarayev adına Fiziologiya İnstitunun əməkdaşı, Sübhnur Tədris Mərkəzinin təsisçisi, rəhbəri Gülnarə Hüseynova, V Təlim Mərkəzinin Təsiscisi, icraçı direktoru, psixoloq Aytən Ələkbərova, Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin baş polis inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və "Sakura Aikido School"-un rəhbəri Tural Süleymanlı yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndrici məlumatlar veriblər.
Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrinin tələbələri, şagirdləri, Uni Kids Club tədris mərkəzinin təsisçi rəhbəri Yeganə Kələntərli və üzvləri, muzey əməkdaşları da iştirak ediblər.
Mövzu ilə bağlı müxtəlif videoçarxlar, film nümayiş olunub, eyni zamanda intellektual oyunlar, sorğular keçirilib.
Eyni zamanda, tədbir zamanı təşkil olunmuş “Narkomaniyaya yox deyək” adlı sərgidə Uni Kids Club tədris mərkəzinin üzvlərinin rəsm əsərləri nümayiş olunub.