XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
27 Oktyabr, 2024
Muzeydə “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” adlı kitabın təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə bir sıra mədəniyyət, ictimaiyyət, KİV nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxışında tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki , “Yusif Ağayev Azərbaycan ictimaiyyətində bir sıra elmi və elmi-populyar kitab və məqalələri ilə tanınır. “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanlarında hərb məsələlərinin araşdırılması təkcə elmi ictimaiyyəti deyil, geniş oxucu auditoriyasının da diqqətini cəlb edib. Hərbi-vətənpərvərlik işinin aparılmasında hərb tariximizin şanlı səhifələrinə həsr olunmuş əsərlərin xüsusi əhəmiyyəti var və bu baxımdan Y.Ağayevin yeni kitabı olduqca mühümdür”.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev çıxış edərək, "orta əsr Azərbaycanın müxtəlif sahələrinin öyrənilməsi baxımından Nizami Gəncəvinin əsərləri əsl ensklopediyadır və hərb tarixi barədə onun poemaları doğurdan da zəngin məlumat bazası olduğunu" vurğulayıb.
Daha sonra kitabın müəllifi Yusif Ağayev öz çıxışında kitab haqqında məlumat verib. Eyni zamanda, Y.Ağayev Nizami Gəncəvinin əsərlərində əks olunan orta əsr Azərbaycan tarixi, coğrafiyası, etnoqrafiyası, elm və mədəniyyəti barədə ətraflı danışıb.
Qeyd edək ki, tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin layihəsi olan “Azərbaycan Atabəyləri” serialı haqqında məlumat verilib. Nizami Gəncəvi dövrünün hərbi-siyasi hadisələrindən bəhs edən serial üzərində Az TV, eləcə də Türkiyənin “İkinci Yeni Film Production” və Azərbaycanın “Şahdağ Film Production” şirkətləri müştərək çalışıblar. Filmdə istifadə edilən hərbi geyimlər, həmçinin serialdan kadrlar nümayiş olunub. “Şahdağ Film Production” şirkətinin direktoru İlqar Mehti çıxış edərək, müasir şəraitdə Azərbaycanda hərbi-təbliğat işinin gücləndirilməsinin aktuallığını vurğulayıb, elmi əsaslarla bədii və sənədli filmlərin çəkilməsinin ən güclü təbliğat vasitəsi olmasını xüsusi qeyd edib.
Təbdirin bədii hissəsində Azərbaycan Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında “Qılınclarla rəqs” və “Cəngi” rəqsləri nümayiş olunub. Həmçinin, dahi bəstəkar, Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” və “Sənsiz” romansları Elçin Məmmədov və Mətləb Ağayevin ifasında təqdim olunub.
Tədbirin sonunda qonaqlara müəllifin avtoqrafı ilə kitablar hədiyyə olunub.