Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycanın Dövlət Bayrağındakı üç rəng Əli bəy Hüseynzadənin irəli sürdüyü milli ideologiyamızın əsasını təşkil edən “Türkçülük, İslamçılıq və Müasirlik” ideyasını simovolizə edir.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunan tarixi Cümhuriyyət bayrağını təqdim edirik. Sözügedən bayrağı Türkiyədə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə 1952-ci ilin 28 May günü ərəfəsində hazırlamışdır. Bayrağı keçmiş mühacir Gülmirzə Bağırov qoruyub saxlamış, Bakıya gətirmişdir. 2003-cü ilin iyun ayında isə Azərbaycan Tarixi Muzeyinə təqdim olunan bayraq Cümhuriyyət dövrünün və Dövlət Bayrağının təbliği baxımından mühüm ictimai-siyasi əhəmiyyətə malikdir.