Bu gün, 17 noyabr Azərbaycanda "Meydan Hərəkatı" – Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin noyabr ayında Qarabağda Topxana meşəsinin qırılmasına etiraz edən xalq Bakıda, indiki Azadlıq meydanında toplaşaraq kütləvi mitinqlərə başladı. Noyabrın 17-dən etirazlar fasiləsiz davam etdi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv olunması və Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi tələbləri irəli sürüldü. Bu mitinqdə həmçinin, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə qaldırıldı.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunan Gültəkin Ananın Meydan hərəkatı üçün tikdiyi üçrəngli Azərbaycan bayrağını və Meydan hərakatı zamanı çəkilmiş fotoları təqdim edirik.