Hacı Zeynalabdin Tağıyevin sarayı, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina olaraq, böyük tarixi və mədəni əhəmiyyətə malikdir. Muzeyin bir hissəsi olan H.Z.Tağıyev məlumat otağı ziyarətçilərə məşhur xeyriyyəçinin həyatı, fəaliyyəti və onun dövründəki sosial dəyişikliklər haqqında məlumat təqdim edir. Burada Tağıyevin şəxsi əşyaları, nadir sənədlər və dövrün xüsusiyyətlərini əks etdirən eksponatlar sərgilənir.
Bu gün sözügedən məlumat otağının yenilənmiş hissəsinin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, ekspozisiyanın yenilənmiş hissəsinin əhəmiyyəti barədə danışdı. Akademik Nailə Vəlixanlı otaqda nümayiş etdirilən hər bir tarixi əşyanın H.Z.Tağıyevin həyatının müxtəlif dövrlərini və Azərbaycanın sosial-iqtisadi inkişafında oynadığı rolunu əks etdirdiyini vurğulayıb.
Sonra muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sözügedən məlumat otağının kuratoru Emin Dadaşov çıxış edərək, məlumat otağının yaradılmasında istifadə edilən muzeyin fond materiallarından, bərpa proseslərindən və gələcəkdə bu məkanı daha da zənginləşdirmək üçün planlaşdırılan yeniliklərdən bəhs edib. Həmçinin, təqdimat zamanı qeyd olundu ki, xatirə muzeyinin təkmilləşdirilmiş ekspozisiyasında eyni anda dörd ziyarətçinin məlumat ala biləcəyi interaktiv masada H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında məlumatlar yerləşdirilib. Həmçinin, xeyriyyəçi və ictimai xadim Tağıyevin muzeyin zəngin fondlarında qorunan albomları da rəqəmsallaşdırılmış şəkildə interkativ masanın “Albomlar” bölməsinə daxil edilmişdir. Otağın divarlarında isə H.Z.Tağıyevin ailəsi, sahibkarlıq və ictimai fəaliyyətinin əks olunduğu infoqrafika şəklində hazırlanmış məlumat panelləri quraşdırılmışdır. Bundan başqa, ekspozisiyanın yenilənmiş hissəsində muzeyin fondlarında qorunan sənədlər, fotoşəkillər, H.Z. Tağıyevin təltif edildiyi bəzi orden və medalların nümunələri, Buxara əmirinin hədiyyə etdiyi nəfis tərtibatlı quranqabı nümayiş etdirilir.
Sonda tədbir iştirakçıları H.Z.Tağıyevin ev muzeyinə ekskursiya etdilər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.