Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olmuş və 2004-cü ildə həmin kənddəki tam orta məktəbdən məzun olmuşdur. O, 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində Pələng Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət etmişdir. 2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şıxamir Qaflanov, bir müddət sonra — 2007-ci ilin aprel ayında Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etməyə başlamışdır. Şıxamir Qaflanov 2008-ci il ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olmuşdur. Leytenant Şixamir Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətini davam etmişdir. 2020-ci il sentyabrın 27-də Şixamir Qaflanov Vətən Müharibəsində iştirak etmişdir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanovun oktyabrın 19-da Xocavənd rayonu istiqamətində şəhid olmuşdur.
Şixamir Qaflanova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları verilmişdir. Şəhid Şıxəmir Qaflanova aid şəxsi materiallar muzeyin Vətən Müharibəsi fonduna 2021-ci ildə təhvil verilmişdir. Həmin fondda ona aid hərbi səhra geyimləri – kitel, şalvar, köynək, çəkmə, kəmər, beret, əlcəklər, hərbi səhra çantası, su qabı, səhra qazan dəsti ilə yanaşı, Ş.Qaflanovun haqqında məqalələrin yazıldığı “Əsgər”, “Polis” və “Hərbi and” qəzetlərinin müvafiq nüsxələri və 11 ədəd fotoşəkli qorunur.