Bu gün, 12 dekabr Azərbaycan xalqının böyük öndəri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyevin Anım Günüdür. Dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi sabitliyin təmin olunmasında misilsiz xidmətləri xalqımızın yaddaşında əbədi iz buraxıb. Müstəqillik, sabitlik və tərəqqi yolunda onun göstərdiyi liderlik nümunəsi gələcək nəsillər üçün əsl örnək olaraq qalacaq.
Milli Azərbaycan Tarixi Muzeyi hər zaman olduğu kimi bu əlamətdar günü xüsusi diqqətlə qeyd edir. Muzeyin yeni ekspozisiyasında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş vitrin ictimaiyyətə təqdim olunur. Bu bölmədə onun həyatı, siyasi fəaliyyətinin mühüm məqamları və xalqımıza töhfələrini əks etdirən nadir materiallar nümayiş etdirilir.
Eyni zamanda, muzeydə Heydər Əliyevin zəngin irsini gənc nəsillərə tanıtmaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər, tematik ekskursiyalar və elmi müzakirələr təşkil edilir. Bu tədbirlər dahi liderin Azərbaycan tarixində oynadığı əvəzsiz rolu və onun irsinin əhəmiyyətini daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!