Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova qeyd edib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Sonra İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və həmin şöbənin baş mütəxəssisi Aynur Babayeva öz çıxışınlarında Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar. Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü Esmeralda İslamova-Tağızadə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərinin triptixini muzeyə hədiyyə edib.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında “Humayun” muğamı, “Lay-lay” əsəri, “Azərbaycan” mahnısı, “Həyat” rəqs qrupunun ifasında “Qərənfil rəqsi”, “SanSara” - beynəlxalq gimnastika, akrobatika və rəqs akademiyasının üzvləri tərəfindən qanla yazılan azadlıq tariximizə həsr edilmiş “Zülmətdə işiq” adlı kompozisiyası, “Ağla, qərənfil” şeiri təqdim olunub. Tədbirdə həmçinin “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinin rəsm əsərləri sərgilənib.
Sonda “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinə təşəkkürnamələr təqdim olunub.