
Milli Azərbaycan Tarixi Muzeyində Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) tərəfindən maliyyələşdirilən GameTable - Masaüstü Oyunlar İrsinin Hesablama Texnikaları inisiativinin İkinci İşçi Qrupunun seminar-görüşü baş tutub. Muzeyin konfrans zalında keçirilən tədbir Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadənin salamlama nitqi ilə açılıb.
Daha sonra Nasir Quluzadə və muzeyin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Aslan Qasımov tərəfindən təqdim olunan "Azərbaycanın saxsı oyuncaqları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)" mövzusunda çıxış dinlənilib.
Seminarda İkinci İşçi Qrupunun rəhbəri Valter Krist (Niderland) 2024-cü ildə həyata keçirilmiş fəaliyyətlər və görülən işlər barədə hesabat təqdim edib. Hesabatdan sonra ənənəvi oyunların rəqəmsallaşdırılması, həmçinin tədqiqatçıların dünyanın müxtəlif bölgələrində aşkar edilən oyunlar haqqında daha rahat məlumat əldə etməsi üçün yaradılmış Ludii oyunlar bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Bundan əlavə, post-sovet ölkələrində tarixi və ənənəvi oyunların araşdırılması panelində Ukraynadan Oksana Ruçinska və Gürcüstandan Levan Losaberidze öz ölkələrində aşkar edilən masaüstü oyunlar haqqında çıxış ediblər. İtaliyalı tədqiqatçı İllaria Truzzi isə GameTable proqramının yaradılması və ideyanın planlanması ilə bağlı təqdimatla çıxış edib.
Seminar Azərbaycan, Niderland, Böyük Britaniya, İtaliya, İsveçrə, Yunanıstan, Türkiyə, Gürcüstan, Litva, Danimarka, İsveç və Ukraynadan olan tədqiqatçılar və mütəxəssislərin mövzuya uyğun məruzələri ilə davam edib. Seminarda təqdim olunan məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Tədqiqatçılar ənənəvi oyunların tədqiqi və rəqəmsallaşdırılması ilə bağlı vacib məqamları diqqətə çatdırıblar.
Tədbir gələcək beynəlxalq əməkdaşlıq və yeni layihələrin müzakirəsi ilə yekunlaşıb.