XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
14 İyul, 2025
İtaliyalı tanınmış rəng dizayneri Francesca Valan muzeydə beynəlxalq təlim keçib

Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycanın Rəngləri – Mədəni Harmoniyalar" Təlim Proqramı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qruplarının tələbələri üçün təlim keçirilmişdir. Təlim Bakıya xüsusi dəvət olunmuş, İtaliyanın tanınmış rəng və material dizayneri Francesca Valan tərəfindən aparılmışdır. Qeyd edək ki, Francesca Valan "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra gənclərimizə dərs demişdir. Francesca Valan məhsul kimliyini rəng, material və faktura (CMF Design) vasitəsilə formalaşdıran aparıcı mütəxəssislərdəndir. O, beynəlxalq şirkətlər üçün rəng strategiyaları hazırlayır, ictimai məkanlar və uşaq oyun sahələri üçün dizayn həlləri təklif edir. Milan Avropa Dizayn İnstitutu (IED) və Milan Politexnik Universitetində (Politecnico di Milano) dərs deyir, İtaliya və xaricdə müxtəlif universitet və qurumlarda mühazirələr oxuyur. Chicco, Samsung, Lego, Ferrari kimi markalarla işləyib, 30-dan çox konfransda çıxış edib.

Təlimin birinci günü Francesca Valan YARAT Müasir İncəsənət Mərkəzində tələbələrlə görüşərək, öz layihələrindən ibarət təqdimatla çıxış etmiş və təlimin məzmunu, məqsədi barədə məlumat vermişdir.

Təlimin ikinci günü tələbələrlə birlikdə Milli Azərbaycan Tarix Muzeyinə səfər təşkil olunmuş, muzeyin unikal eksponatlarında istifadə olunan rənglərin kodları xüsusi texniki avadanlıqla təyin olunmuş və onların mənaları araşdırılmışdır. 

Üçüncü gün tələbələr toplanmış rəng məlumatlarını Asmart MMC-nin yaradıcı mərkəzində sistemləşdirərək təhlil etmiş və ilkin nəticələr üzərində işləmişlər.

Təlimin dördüncü günündə YARAT Müasir İncəsənət Mərkəzinin sərgi kompleksində Francesca Valan 2000-ci ildən bu günə qədər rəng və materiallar sahəsində apardığı araşdırmaların inkişaf dinamikasına dair təqdimatla çıxış etmişdir. Ardınca təlimin nəticələrini əks etdirən 28 tələbənin A4 formatında hazırlanmış və ümumilikdə 52 layihədən ibarət işləri nümayiş olunmuş, tədbir sərgi ilə yekunlaşmışdır. Təlimin nəticəsi olaraq, hər bir qrup seçilmiş rəng üzrə 10 əşyanı araşdıraraq, onların rəng kodlarını müəyyənləşdirmişdir.

Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki tədqiqat bacarıqları qazanmış, rənglərə mədəni yanaşma və onların sistemləşdirilməsi sahəsində yeni biliklər əldə etmişlər. Bu proses tələbələr üçün həm beynəlxalq rəng dizaynı yanaşmaları ilə tanışlıq, həm də milli vizual irsin rəng dili ilə yenidən əlaqə qurmaq baxımından mühüm təcrübə olmuşdur. 

Təlimin sonunda Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova italiyalı mütəxəssis Françeska Valana Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli nəşrlərini hədiyyə edib.