XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
28 Oktyabr, 2025
Daşkənddə Azərbaycan-Özbəkistan incəsənət əlaqələrinə həsr olunmuş sərgi keçirilib

Özbəkistanın Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifovanın təşkilatçılığı ilə “Elm sübut edən yerdə incəsənət göstərir” adlı sərgi keçirilib.Sərgi Türk dünyası mədəni əlaqələrinin inkişafı, xüsusilə Azərbaycan-Özbəkistan incəsənət əlaqələrinin gücləndirilməsi istiqamətində təşkil olunub. Sərgidə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, elm və incəsənət xadimləri, universitet rektorları, müəllim heyəti və tələbələr iştirak ediblər.

Sərgidə nümayiş olunan əsərlər elmlərarası inteqrasiyada riyazi-məntiqi yanaşma və fəza təfəkkürü əsasında işlənib. Hər iki ölkənin memarlıq abidələrinin səthlərində müşahidə olunan həndəsi-molekulyar ornament oxşarlığı, milli geyimlər və xalçalardakı bədii-dekorativ motivlərin elmi əsaslarla müqayisəsi təqdim olunub.

Həmçinin, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda mühafizə olunan bir sıra eksponatların təsvirlərinə dair elmi araşdırmalar da bədii formada nümayiş edilib. Sərgi çərçivəsində N.Yusifovanın müəllifi olduğu “Molekulyar portret” xalça seriyasından bir neçə nümunə də tamaşaçılara təqdim olunub.

Tədbir zamanı verilən suallar ətraflı cavablandırılıb.