17-21 oktyabr tarixlərində Çin Xalq Respublikasının Hangzhou şəhərində İpək Yolu Muzeyləri Beynəlxalq Alyansının 4-cü konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova “Muzeylər və sosial əməkdaşlıq: İcma əsaslı təşəbbüslər vasitəsilə mədəni diplomatiyanın təşəbbüskarı olmaq” (Museums and social collaboration, pioneering cultural diplomacy through community- based initiatives) və Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova “Muzeylər sivilizasiyalar arasında körpü kimi” (The museums as a bridge between civilizations) adlı məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb.
21-26 oktyabr tarixlərində isə beynəlxalq proqram Çinin Pekin şəhərində “Kurator Mübadiləsi Proqramı 2025” çərçivəsində davam edib. Proqram muzeylərin beynəlxalq əməkdaşlığı istiqamətində muzey sərgilərinin kurasiyası, irsin qorunması və müasir metodlar, eyni zamanda təcrübə mübadiləsi formatında təşkil olunub.
Konfrans iştirakçıları sertifikatla təltif olunublar.
Sonda Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatları əsasında hazırlanmış nəşrləri IAMS-ın və Çin Milli Muzeyinin rəhbərliyinə hədiyyə olunub .