Albaniya Respublikasının Elbasan şəhərində türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşın xatirəsinə həsr olunmuş “Balkan, Anadolu, Qafqaz və Türküstan Coğrafiyası: İncəsənət, Mədəniyyət, Tarix və Folklor”mövzusunda V Beynəlxalq konfrans keçirilib. Konfrans Albaniya Respublikasının Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Milli Azərbaycan Tarixi Muzeyinin, eləcədə digər elmi müəssisələrin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Azərbaycanın Qusar bölgəsindəki məscid kitabələrinin öyrənilməsi” (The Study of Mosque Inscriptions in the Gusar Region of Azerbaijan) adlı elmi məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Konfransın açılış mərasimində sözügedən universitetə “Milli Azərbaycan Tarixi Muzeyinin İnciləri” nəşri və Basqal milli kələğayısı hədiyyə edilib. Tədbir çərçivəsində Azərbaycan, Albaniya, Türkiyə, Şimali Makedoniya və Özbəkistan alimləri arasında gələcəkdə birgə elmi tədqiqatların aparılması, həmçinin türk-islam sənətinə aid mədəni irsin restavrasiya və konservasiyası mövzularında elmi fikir mübadiləsi aparılıb.
Sözügedən konfransda Azərbaycan,Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosovavə digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçılar iştirak ediblər.