13 yanvar 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova və muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova ilə görüş keçirib. Görüş zamanı tərəflər türk dünyasının ortaq mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində əməkdaşlıq imkanları, xüsusilə muzeylərarası əlaqələrin gücləndirilməsi, birgə sərgilərin təşkili, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, nəşr proqramları, maarifləndirici tədbirlər və mütəxəssis mübadiləsi məsələlərini müzakirə ediblər. Hər iki tərəf arasında Anlaşma Memorandumunun imzalanmasının vacibliyi vurğulanıb. Memorandumun gələcək əməkdaşlıq üçün hüquqi və institusional baza yaradacağı, tərəflərin uzunmüddətli tərəfdaşlığını möhkəmləndirəcəyi qeyd olunub. Razılığa əsasən, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Anlaşma Memorandumunun layihəsi hazırlanaraq Milli Azərbaycan Tarix Muzeyinə təqdim ediləcək. Sənədin qarşılıqlı razılaşdırılmasından sonra rəsmi imzalanma mərasiminin təşkili planlaşdırılır. Görüş iştirakçıları bu əməkdaşlığın türk xalqlarının ortaq tarixinin və mədəni irsinin beynəlxalq miqyasda daha geniş təbliğinə mühüm töhfə verəcəyini bildiriblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.