İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə muzey–məktəb əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zəhmət ilə gələn zinət. Dərsimiz–Hacı Zeynalabdin” adlı interaktiv dərslər, eləcə də “Boyalı küp” və “Buta” adlı ustad dərsləri hazırda davam edir və mərhələli şəkildə təşkil olunur. H.Z.Tağıyevin ev-muzeyində keçirilən, iki hissədən ibarət interaktiv dərslərdə LANDAU School-un 3TA, 3AB, 3AC və 3TB siniflərinin (ingilis dili bölməsi) şagirdləri iştirak ediblər. Dərsin birinci hissəsində H.Z.Tağıyevin həyat və fəaliyyəti və ev-muzeyinin memarlıq xüsusiyyətləri barədə şagirdlərə ətraflı məlumat verilib. Proqramın ikinci hissəsində sözügedən şöbənin müdiri Fəridə Şəmsinin rəhbərliyi ilə şöbənin əməkdaşları tərəfindən oyun-tapmaca formatında intellektual oyun təşkil olunub. “Boyalı küp” və “Buta” ustad dərsləri çərçivəsində isə şagirdlərə küp və buta formasında gips fiqurlarının rənglənmə qaydaları öyrədilib. Bu kimi fəaliyyətlər məktəb–muzey əməkdaşlığının gücləndirilməsinə və təhsil prosesində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.
Sonda şagirdlər Muzeyin ekspozisiyası ilə tanış olublar.