16 fevral 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq Memorandumu imzalanıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ilə rəsmi görüş keçirib. Görüş zamanı muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və sözügedən fondun layihə rəhbəri Leyla Məhərrəmova iştirak ediblər. Söhbət zamanı ortaq tarixi köklər, türk xalqlarının mədəni irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, eləcə də gələcək birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Səmərəli müzakirələrdən sonra hər iki tərəfin razılığı ilə əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi müxtəlif mədəni tədbir və layihələr vasitəsilə türk mədəni irsinin beynəlxalq səviyyədə təşviq edilməsidir. Memorandum çərçivəsində birgə sərgilərin təşkili, seminarlar, simpoziumlar və festivalların keçirilməsi, kitab nəşrləri, Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd edilməsi, türkologiya sahəsində əməkdaşlıq, eləcə də qədim sənətkarlıq və əl işlərinin təbliği istiqamətində layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi nəzərdə tutulur. Bu əməkdaşlıq Türk dünyasının ortaq mədəni dəyərlərinin qorunması və beynəlxalq mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib. Sonda xatirə fotosu çəkilib.