21 fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treyninq keçirilib.
Tədbirin əsas məqsədi turizm bələdçilərinin peşəkar fəaliyyətinin əhəmiyyətini ön plana çıxarmaq, mədəni irsin elmi əsaslarla interpretasiyasını təşviq etməkdir.
Təlim-treyninqdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Postmodern muzeydə bələdçilik: interpretasiya, identiklik və auditoriya problemi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə postmodern muzey mühitində bələdçinin rolunun transformasiyası, ziyarətçi yönümlü interpretasiya yanaşmaları, milli identikliyin təqdimində balansın qorunması və müxtəlif auditoriya qrupları ilə effektiv kommunikasiya strategiyaları təhlil olunub. Həmçinin inklüziv bələdçilik, hekayələndirmə metodları və interaktiv təqdimat vasitələrinin müasir muzey təcrübəsində əhəmiyyəti xüsusi vurğulanıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və təlim çərçivəsində praktiki tövsiyələr təqdim olunub.