Milli Azərbaycan Tarixi Muzeyinin 2021-ci ildə şəhid və qazilərimizə aid materialların toplanması və qorunması məqsədilə yaradılmış Vətən Müharibəsi fondunda Xocalı sakini, Xocalı Rayon Maarif Şöbəsinin sabiq müdiri Murad Şükürova məxsus şəxsi materiallar mühafizə olunur. Fondda saxlanılan materiallar arasında Murad Şükürova təqdim edilmiş “İgidliyə görə” medalının vəsiqəsi, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adının vəsiqəsi və digər şəxsi sənədlər yer alır. Xocalı faciəsinin canlı şahidi olmuş M.Şükürov tərəfindən fonda təqdim edilən “Xocalının səsi” və “Azərbaycan müəllimi” qəzetlərində onun faciə ilə bağlı məqalələri və müsahibələri qeyd olunub. Həmin yazılarda erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərdən bəhs olunur. M.Şükürovun Xocalıdakı şəxsi mənzilinin açarları da fondun diqqətçəkən eksponatları sırasındadır.
Qeyd edək ki, hazırda sözügedən materiallar Milli Azərbaycan Tarixi Muzeyində “Zamanı dayandıran gecə” adlı fotosərgidə nümayiş olunur.