XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
10 Mart, 2026
Muzeydə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilib

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar olaraq, Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi ilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir və interaktiv dərs keçirilib. Tədbir Hacı Zeynalabdin Tağıyev tərəfindən vaxtilə tikdirilmiş və hazırda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yerləşdiyi tarixi yanğınsöndürmə binası mövzusuna həsr olunub. Tədbirin açılışını Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi edib. O, bildirib ki, tədbir muzeydə həyata keçirilən “Elmi macəralar saatı” layihəsi çərçivəsində təşkil olunub və layihənin məqsədi məktəblilərdə tarixə, memarlığa və mədəni irsə marağın artırılmasıdır. 

Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Sevda Cəlilova çıxış edərək, Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi binalar haqqında məlumat verib, həmçinin mərkəzin yerləşdiyi binanın tarixi və memarlıq xüsusiyyətləri barədə danışıb. Sonra mərkəzin müxtəlif dərnəklərində təhsil alan şagirdlər öz yaradıcılıq işlərini təqdim ediblər. Şagirdlər mərkəzin yerləşdiyi tarixi binanın fasadını əks etdirən rəsmlər, 3D formatda hazırlanmış maketlər, həmçinin binanın planı əsasında hazırlanmış layihələr təqdim edərək, bu işlərin hazırlanma prosesi və memarlıq xüsusiyyətləri barədə məlumat veriblər.

 “Dekorativ-tətbiqi sənət” dərnəyinin təqdimatı Aydan Həşimova (rəhbər: İrina Vəliyeva), “Təsviri sənət” dərnəyinin təqdimatı Melissa Quliyeva (rəhbər: Leyla Əliyeva), “Bacarıqlı əllər” dərnəyinin təqdimatı isə Leyla Qədirli (rəhbər: Mehriban Bağırova) tərəfindən həyata keçirilib. Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova çıxış edərək, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Muzey rəhbərliyinə təşəkkürünü bildirib. O, belə bir tədbirin məhz Hacı Zeynalabdin Tağıyevin evində yerləşən muzeydə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib.

Tədbirin ikinci hissəsində Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən interaktiv dərs keçirilib. Dərs zamanı Hacı Zeynalabdin Tağıyevin sarayının memarlıq xüsusiyyətləri haqqında məlumat verilib, daha sonra mövzuya uyğun kviz və kvest tipli yarış təşkil olunub.

Tədbir muzeyə ekskursiya və yekun müzakirələrlə başa çatıb.