Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandir müavini olmuş Milli Qəhrəman, polkovnik Şükür Həmidovun doğum günüdür.
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub.
Azərbaycan Respublikasının prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Şükür Həmidov 2016-cı ilin 2–5 aprel tarixlərində baş vermiş Aprel döyüşləri zamanı Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji yüksəkliyinin azad olunması uğrunda göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və “Qızıl Ulduz” medalı ilə təltif olunub.
Polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şükür Həmidov 22 oktyabr 2020-ci ildə doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xətdə qəhrəmancasına şəhid olub və Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Milli Qəhrəman Şükür Həmidovun şəxsi əşyaları- kamuflyaj rəngli kitel və şalvar, hərbi yun sviter, istiləşdirilmiş gödəkçə, müxtəlif illərdə aldığı 10 ədəd fəxri fərman, hərbi çəkmə, baş geyimi, bel kəməri, səhra əlcəkləri və üç ədəd fotoşəkil qorunur. Bu materialların bir qismi muzeyin ekspozisiyasının “Zəfər” zalında ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, Şükür Həmidovun həyat və döyüş yolu, eyni zamanda muzeydə qorunan şəxsi əşyaları barədə ətraflı məlumat muzeyin "Böyük Zəfərin Qəhramanları" adlı yeni kataloqunda yer alıb.