29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Latife Summerer tərəfindən “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda slayd-təqdimatla mühazirə keçirilib. Mühazirə zamanı müasir muzeyin yaradılmasının əsas prinsip və mərhələlərinə toxunulub.
Sonra Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə çıxışında arxeoloji eksponatların yeni üsullarla təqdimatı, onların müasir texnologiyalar vasitəsilə daha əlçatan və interaktiv formada nümayiş etdirilməsi barədə məlumat verib.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ-tətbiqi sənət tədrisi üzrə müəllimi Əlisəfa Məmmədov çıxışında slayd-təqdimatla rəqəmsal bərpa prosesindən, eksponatların 3D modelləşdirilməsi və rəqəmsal mühitdə bərpası imkanlarından, həmçinin müasir texnologiyaların muzey işinə inteqrasiyasından bəhs edib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin və Muzeyin əməkdaşları iştirak ediblər.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı səsləndirilən suallar ətraflı cavablandırılıb.