Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqç və rəhbərlik etdiyi nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan ilə Monqolustan arasında mövcud olan tarixi-mədəni əlaqələr, xalqların ortaq irs nümunələri və qarşılıqlı dostluq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Ekspozisiya ilə tanışlıq zamanı cənab Jarqalsayxan Banzraqç və nümayəndə heyəti muzeydə nümayiş etdirilən zəngin eksponatları nəzərdən keçirərək, Azərbaycanın qədim tarixi, dövlətçilik ənənələri və mədəni irsi barədə ətraflı məlumat əldə ediblər. Xüsusilə, Azərbaycan ilə Monqolustan arasındakı tarixi əlaqələri əks etdirən nadir eksponatlar qonaqlarda böyük maraq doğurub.
Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş monqol xalatı, eləcə də həmin dövrə aid nadir numizmatik nümunələr nümayəndə heyətinin xüsusi diqqətini cəlb edib. Qonaqlara bu eksponatların orta əsrlər dövründə regionlararası əlaqələrin, ticarət və mədəni mübadilənin öyrənilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıdığı bildirilib.
Ziyarətin sonunda Jarqalsayxan Banzraqç Azərbaycan tarixinin öyrənilməsi və dünya ictimaiyyətinə tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək muzeyin direktoru, akademik Nailə Vəlixanlıya xüsusi xatirə medalı təqdim edib.