Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında şərqşünas alim, İkinci Dünya müharibəsinin iştirakçısı Ağadadaş Dadaşova aid materiallar mühafizə olunur. Ağadadaş Ağakərim oğlu Dadaşov 6 dekabr 1924-cü ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb. 1943-cü ilin may ayında Novorossiysk uğrunda gedən döyüşlərdə ağır yaralanan A.Dadaşov II dərəcəli əlil kimi doğma qəsəbəsinə qayıdıb. Səhhətində yaranan çətinliklərə baxmayaraq, müəllim kimi fəaliyyətini davam etdirib. 1945-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinə qəbul olunan A.Dadaşov sonrakı həyatını elm və pedaqoji fəaliyyətə həsr edib. O, Şərqşünaslıq fakültəsinin Yaxın və Orta Şərq xalqları ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışaraq, fars ədəbiyyatına dair mühazirələr oxuyub, gənc alimlərin yetişməsinə töhfə verib. Eyni zamanda bir sıra beynəlxalq konfrans və konqreslərin iştirakçısı olub. A.Dadaşov peşəkar tərcüməçi kimi də fəaliyyət göstərib, uzun illər İran və Əfqanıstanda çalışıb. O, ilk dəfə olaraq İsfahanda “Rusca-farsca müxtəsər texniki lüğət” hazırlayaraq nəşr etdirib. Alim həmçinin “Mirzadə Eşqinin həyat və yaradıcılığı” mövzusunda namizədlik, “Yəhya Dövlətəbadinin yaradıcılıq yolu” mövzusunda isə doktorluq dissertasiyalarının müəllifidir. Onun cəbhədə göstərdiyi qəhrəmanlıqlar, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən müxtəlif medal, fəxri fərman və təşəkkürnamələrlə qiymətləndirilib.
Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları və Sənədli mənbələr fondlarında Ağadadaş Dadaşovun şəxsi əşyaları, medalları, fotoşəkilləri və digər materialları qorunur.