XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
12 May, 2026
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

Muzeyin əməkdaşı Konyada keçirilən simpoziumda "Varlıq" jurnalında Şimali Azərbaycan tarixinə baxış mövzusunda məruzə edib Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, dosent Əli Fərhadov Tehranda nəşr olunan tarixi "Varlıq" jurnalının Azərbaycan tarixindəki strateji əhəmiyyətini beynəlxalq simpoziumda təhlil edib. 7-9 may 2026-cı il tarixində Konyada Səlcuq Universitetində keçirilən Gənc Tədqiqatçıların Beynəlxalq Səlcuq Türkologiya Simpoziumunda iştirak edən dosent Əli Fərhadov "Varlıq" jurnalında (1979-2014) Şimali Azərbaycanın XIX-XX əsrlər tarixinə baxış" mövzusunda geniş məruzə ilə çıxış edib. Dr. Cavad Heyətin baş redaktorluğu ilə Tehranda azərbaycanca nəşr olunan "Varlıq" jurnalının sadəcə bir mətbuat orqanı deyil, həm də bir xalqın ortaq tarixi yaddaşının bərpası olduğunu vurğulayan Əli Fərhadov, jurnalın Şimali Azərbaycan tarixinə baxışını təqdim və təhlil edib. Jurnalda Azıx mağarası və Qafqaz Albaniyası ilə bağlı dərc olunan məqalələr Azərbaycan xalqının bu torpaqlardakı tarixi köklərini elmi əsaslarla sübut edib. Xüsusilə bu araşdırmalar, bəzi xarici tədqiqatçıların tarixi irsimizi təhrif etmə cəhdlərinə qarşı akademik bir sədd funksiyasını yerinə yetirib. Cavad Heyət başda olmaqla jurnalın yazarları Şimalda baş verən hadisələri (Rusiya işğalı, xristian missionerliyi, daşnak terroru, müstəqillik) cənublu oxuculara nəql edərək vahid milli və dini kimlik şüurunu gücləndiriblər. İşğal dövründə baş verən milli faciələr hər iki tərəfin eyni ortaq tarixi və eyni taleyi paylaşdığını göstərir. "Varlıq" jurnalı müstəbid idarəçilərin, beynəlxalq imperializmin və onların əlaltılarının tarix boyu xalqımıza qarşı zorakılıq və assimilyasiya siyasətini ifşa edir. Türk dilinin adının dəyişdirilməsinə dair aparılan təhlillər jurnalın milli kimlik siyasətinə dərindən bələd olduğunu sübut edir. Dr. Cavad Heyətin 20 Yanvar və Qarabağ hadisələri fonunda Qərb dünyasına ünvanladığı "Xristianlar üçün ayağa qalxan dünya, müsəlman qanı töküləndə niyə susur?" sualı, jurnalın ədalətsizliyə qarşı fəryadı kimi bu gün də aktuallığını qoruyur. Jurnalda islamofobiya tənqid edilir, həmçinin terrorizmin islamla bir araya sığmadığı, islamda humanizm və maarifçilik ideyaları vurğulanır. Həmçinin, Azərbaycanın milli-dini, həm də ümumbəşəri, demokratik dəyərlərə sadiq müasir dövlət imici dəstəklənir. Bu, eyni zamanda etnik və dini radikalizmə qarşı intellektual bir müqavimət nümunəsidir. Əli Fərhadov öz çıxışında jurnalın bəzi nüsxələrinin Tarix Muzeyində də mühafizə, tədqiq və təbliğ edildiyini qeyd edib. Məruzə maraqla qarşılanıb.

Simpoziumun materialları nəşr ediləcək.