XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
12 May, 2026
Muzeydənkənar elmi seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə "Tarixi tədqiqatlarda obyektivlik problemi: mənbə və interpretasiya" adlı elmi seminar keçirilib. Tədbirdə ADPU-nun müəllim və tələbə heyəti, muzey əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, dosent Dəyanət Musayev tədbirin əhəmiyyətindən danışaraq, müasir tarixşünaslıqda yeni metodoloji istiqamətlərin öyrənilməsinin vacibliyini vurğulayıb.

Seminarda Muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Ləman Məmmədova “Şifahi tarix: müasir mənbəşünaslığın interpretasiya forması kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şifahi tarixin müasir tarixşünaslıq və mənbəşünaslıq sistemində tutduğu yer, etnoqrafik təsvirçilikdən fərqli xüsusiyyətləri, beynəlxalq akademik mühitdə multidisiplinar elmi istiqamət kimi formalaşması, kollektiv yaddaş və insan təcrübəsinin tarixi mənbə kimi əhəmiyyəti geniş təhlil olunub. Seminar çərçivəsində tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb.

Seminarda həmçinin, doktor Sadık Çetin və tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd çıxış edərək, müasir tarixşünaslığın aktual metodoloji istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.