XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 May, 2026
Muzeydə “Nərmin Tahirzadə – 105” adlı elmi seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin təşkilatçılığı ilə “Nərmin Tahirzadə – 105” adlı elmi seminar keçirilib. Tədbir görkəmli tarixçi-alim, muzeyşünas və Azərbaycan təhsil tarixinin tədqiqatçısı Nərmin Tahirzadənin anadan olmasının 105 illiyinə həsr olunub.

Seminarın moderatoru muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Məmmədova Ləman çıxış edərək Nərmin Tahirzadənin həyat və fəaliyyət yolu haqqında geniş məlumat verib. Bildirilib ki, Nərmin Tahirzadə uzun illər Milli Azərbaycan Tarixi Muzeyində çalışaraq Azərbaycan tarixinin öyrənilməsi, milli-mədəni irsin qorunması və muzey fondlarının zənginləşdirilməsi istiqamətində mühüm xidmətlər göstərib. Onun fəaliyyəti Azərbaycan muzeyşünaslığı və tarixşünaslığında xüsusi mərhələ təşkil edir.

Daha sonra söz muzeyin kiçik elmi işçisi Zülfiyyə Cəlilovaya verilib. Məruzədə Nərmin Tahirzadənin elmi irsi, XIX əsr – XX əsrin əvvəllərində Azərbaycanda xalq təhsilinin tarixi, milli ziyalıların həyat və fəaliyyəti ilə bağlı apardığı araşdırmalar haqqında məlumat təqdim olunub. Qeyd edilib ki, alim keçmiş SSRİ məkanının müxtəlif arxivlərində uzun illər araşdırmalar apararaq Azərbaycan təhsil və maarifçilik tarixinin öyrənilməsi üçün olduqca zəngin material toplamış, unudulmuş ziyalı nəslinin yenidən elmi dövriyyəyə gətirilməsində mühüm rol oynamışdır. Seminarda Nərmin Tahirzadənin elmi irsinin qorunması məsələsinə də toxunulub. Bildirilib ki, professor Ədalət Tahirzadə uzun illər Nərmin xanımın elmi arxivindən istifadə etmiş, onun topladığı nadir sənəd və materialların tədqiqinə xüsusi diqqət yetirmişdir. Daha sonra həmin zəngin arxivin mühüm hissəsini Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edərək bu qiymətli irsin gələcək nəsillər üçün qorunmasına mühüm töhfə vermişdir. 

Tədbirdə Nərmin Tahirzadənin “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” adlı fundamental əsərinin Azərbaycan elm tarixində xüsusi yer tutduğu vurğulanıb. Əsərdə XIX əsrdən başlayaraq Azərbaycan gənclərinin Rusiya imperiyasının ali məktəblərində təhsil alması, ilk milli mütəxəssislərin formalaşması və maarifçilik hərəkatının inkişafı geniş arxiv materialları əsasında araşdırılıb. Kitab yalnız təhsil tarixini deyil, həm də Azərbaycan ziyalı mühitinin təşəkkülünü əks etdirən mühüm elmi mənbə kimi dəyərləndirilib. Qeyd olunub ki, Nərmin Tahirzadənin müxtəlif dövrlərdə qələmə aldığı çoxsaylı elmi məqalələr və araşdırmalar Azərbaycan maarifçilik tarixinin, milli ziyalıların həyat yolunun və muzey fondlarında qorunan tarixi materialların elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynayıb. Onun tədqiqatları bu gün də tarixçilər, muzeyşünaslar və gənc tədqiqatçılar üçün əhəmiyyətli elmi mənbə hesab olunur.

Seminarda Azərbaycan Kooperasiya Universitetinin tələbələri və muzey əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Nərmin Tahirzadənin Azərbaycan elm tarixində və milli-mədəni irsin qorunmasındakı xidmətlərini yüksək qiymətləndirərək, belə elmi seminarların gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.