Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 18 May-Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Rəqəmsallaşdırma kontekstində mədəni irsin qorunması və tədqiqi” mövzusunda seminar keçirilib. Tədbirdə mədəni irsin qorunması və muzeylərin müasir dövrdə transformasiyası ilə bağlı mövzular müzakirə olunub.
Seminarı giriş sözü ilə Muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova açaraq, tədbirin əhəmiyyətindən danışıb. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Şövqü Həsənov məruzəsində Azərbaycanda arxeoloji tədqiqatların müasir vəziyyəti və perspektivlərindən bəhs edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məlahət Fərəcova məruzəsində qayaüstü təsvirlərin 3D texnologiyalar vasitəsilə oxunması və rəqəmsallaşdırılması istiqamətində aparılan tədqiqatlarından danışıb.
Sonra Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, t.ü.f.d., dosent Mikayıl Mustafayev, Arxeologiya və Antropologiya İnstitunun elmi ekspozisiyasının təşkili şöbəsini müdiri Orxan Zamanov, Muzeyin böyük elmi işçiləri- t.ü.f.d. Aida İsmayılova və t.ü.f.d. Laçın Mustafayev məruzələrlə çıxış edərək, arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması, muzey ekspozisiyalarının elmi-konseptual əsaslarla təşkili, maddi-mədəni irs nümunələrinin sistemli tədqiqi və onların müasir elmi metodlarla qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində aparılan araşdırmalar barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçılara təşəkkür edilib və gələcək əməkdaşlıq perspektivləri vurğulanıb.