XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
13 Oktyabr, 2026
Muzeydə Azərbaycan dəmir yolu nəqliyyatının inkişaf tarixini əks etdirən materiallar qorunur

Hər il oktyabrın 13-də qeyd olunan Azərbaycan Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunan, ölkəmizin dəmir yolu tarixini əks etdirən materialları təqdim edirik.

Fondun diqqətəlayiq materiallarından biri üzərində rus dilində qızılı hərflərlə «Баку Сабунчинская електр. ж. д» (Bakı-Sabunçu elektrik dəmir yolu) yazısı olan fotoalbomdur. Albom 1926-cı il iyulun 6-da Bakı-Sabunçu xəttində ilk elektrik qatarının hərəkətə başlamasını əks etdirən tarixi mənbədir. Burada Bakı və Sabunçu vağzallarının, Keşlə, Sabunçu və Suraxanı stansiyalarının fotoşəkilləri, 1 nömrəli elektrovoz, yük xətləri, eləcə də dövrün mühəndis və dəmiryolçularının görüntüləri yer alır. Albomda əks olunan Sabunçu vağzalı 1926-cı ildə inşa edilmişdir. Hazırda həmin binada Azərbaycan Dəmiryol Muzeyi fəaliyyət göstərir.

Fondun digər qiymətli materialları arasında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı dəmiryolçulardan biri, maşinist-təlimatçı Firudin Qulu oğlu Ağayevə məxsus sənədlər xüsusi yer tutur. Onun 24 yanvar 1939-cu il tarixli əmək kitabçası, «Şərəfli dəmiryolçu» döş nişanının vəsiqəsi və digər materiallar qorunub saxlanılır.

Kolleksiyada ilk elektrik qatarının baş konduktoru Hacıağa Quliyevin formasına aid papaq, Bakı-Sabunçu elektrik dəmir yolu xəttinin 50 illiyi münasibətilə 1976-cı ilin iyununda çəkilmiş xatirə fotoşəkli, həmçinin dəmiryolçuların işində istifadə olunan metal əyləc açarı və müxtəlif fitlər də mühafizə edilir.

Muzeyin kolleksiyasında qorunan bu materiallar Azərbaycan dəmir yollarının təşəkkül və inkişaf mərhələlərinin, dəmir yolu nəqliyyatında tətbiq olunan texniki yeniliklərin və bu sahədə çalışan mütəxəssislərin fəaliyyətinin öyrənilməsi baxımından mühüm elmi və tarixi əhəmiyyətə malikdir.