XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
02 Mart, 2021
Muzeyin əməkdaşı “Suraxanı” tanker-muzeyin ekspozisiyasının hazırlanmasında iştirak etmişdir

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə dünyada ilk tanker-muzeyin açılışı olmuşdur.

Muzeyin zallarında ənənəvi muzey avadanlığı və vasitələri ilə bərabər ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Milli Azərbaycan tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov muzeyin ekspozisiyasının tarixi hissəsinin hazırlanmasında fəal iştirak etmişdir. Belə ki, onun tərəfindən Xəzər dəniz gəmiçiliyinin tarixinə dair materiallar toplanmış, ekspozisiya mətnləri və müvafiq foto və illüstrasiyalar tərtib edilmişdir. Tanker-muzeydə, qədim dövr, orta əsrlər, yeni dövrdə gəmiçilik tariximiz, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb.