XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 Mart, 2021
Milli Azərbaycan Tarixi Muzeyinin yeni rəsmi internet səhifəsinin təqdimatı oldu

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytının strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və beynəlxalq təcrübədən istifadə edilərək intuitiv dizayn yaradılıb. Yeni veb-səhifənin istifadəsi zamanı görmə məhdudiyyətli ziyarətçilər də nəzərə alınmışdır. Belə ki, saytda tətbiq olunmuş yeni funksionallıq vasitəsilə xüsusi ziyarətçilər mətnin oxunaqlığını nəzərə alaraq səhifənin ölçü və rəng parametrlərini dəyişə bilərlər.

Muzeydə keçirilməsi planlaşdırılan sərgilər, tədbirlər və mühazirələr haqqında elanlar “Təqvim” bölməsində öz əksini tapacaq. Saytın əsas səhifəsi “Ziyarətini planlaşdır” bölməsi ilə başlayır. Burada muzeyin iş saatları, ekspozisiyaya giriş bileti, xidmətlərin qiyməti və ziyarət qaydaları yer alır. Hər gün yenilənən “Muzeyin kolleksiyasından” bölməsində Muzeyin inciləri və onlar haqqında ətraflı məlumat verilir.

“Xəbərlər” bölməsində Muzeyin fəaliyyətində baş verən yeniliklər, tarixçi alimlərin çap olunmuş elmi əsərləri, həmçinin muzey əməkdaşlarının iştirak etdikləri beynəlxalq tədbirlər, beynəlxalq konfranslar və digər maraqlı məlumatlarla tanış olmaq mümkündür.

Muzeydə fəaliyyət göstərən klublar, cari və planlaşdıran layihələr, onlayn mühazirələr “Bizimlə öyrən” bölməsində yer alır.

Saytın “Haqqımızda” bölməsində ziyarətçilər Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müraciəti, Muzeyin tarixi və Muzeyin strukturu ilə tanış ola bilərlər.

Təqdimat zamanı Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdim olunan yeni veb-saytı yüksək dəyərləndirdiyini qeyd edib. Həmçinin vurğulayıb ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı, istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır.

Onu da qeyd edə ki, Muzeyin rəsmi internet səhifəsi ilk dəfə 2010-cu ildə ziyarətçilərə təqdim olunmuşdur.